Əbülfəs Qarayev: Son 16 ildə ölkəmizdə aparılan islahatlar ucqar bölgələrimizi də əhatə edib

Əbülfəs Qarayev: Son 16 ildə ölkəmizdə aparılan islahatlar ucqar bölgələrimizi də əhatə edib

24.12.2019 Off By admin

Məmnunluq doğuran haldır ki, son 16 ildə ölkəmizdə aparılan islahatlar paytaxt və digər böyük şəhərlərlə məhdudlaşmayaraq ən ucqar bölgələrimizi də əhatə edib.

Trend-in məlumatına görə, bunu Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Nazirin sözlərinə görə, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası yerlərdə mədəni həyata da mühüm və müsbət təsir göstərib.

Ə.Qarayev əlavə edib ki, ümummilli Liderin dövlətçilik kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə arxada qoyduğumuz 16 ildə ölkəmiz dinamik inkişaf dövrünü yaşayıb. Bu tərəqqi mədəniyyət sahəsində də yeni layihələrin, dövlət proqramlarının həyata keçirilməsi, müasir maddi-texniki bazanın, infrastrukturun yaradılması, yaradıcı fəaliyyətə stimul verilməsində özünü göstərir:

“Ötən dövrün mədəniyyət salnaməsini vərəqləyəndə qürur hissi keçirməyə bilmirik. Mədəniyyət obyektlərinin, ilk növbədə, kütləvi nümayiş məkanları olan teatr və muzeylərin yüksək səviyyədə təmir-bərpası, ölkənin müasir inkişafını təcəssüm etdirən yeni mədəniyyət ocaqlarının yaradılması bu sahəyə göstərilən yüksək diqqət və qayğıdan xəbər verir. Bu illər ərzində Prezident İlham Əliyev tərəfindən mədəniyyət sahəsi ilə bağlı 650-dən çox fərman və sərəncam imzalanıb. Dövlət başçısının sərəncamları ilə təsdiq olunan proqram sənədlərdən bir qismi (“Kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı”, “Azərbaycan kinosu 2008-2018-ci illərdə”, “Azərbaycan teatrı 2009-2019-cu illərdə”) icra olunub, “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpa-sı, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafı: 2014-2020″ və s. proqram və layihələrin reallaşdırılması davam etdirilir”.

Mədəniyyət naziri bildirib ki, son on altı ilin mədəniyyət salnaməsinə nəzər yetirəndə ölkəmizdə musiqi sahəsinin yüksəliş dövrünü yaşadığını əminliklə söyləyə bilərik. Heydər Əliyev Fondu Mehriban Əliyevanın rəhbərliyi ilə Azərbaycan musiqisinin inkişafına və təbliğinə misilsiz töhfələr verir.

Xəbəri paylaş: