Əhməd Urfalı: Ermənistanın qanunsuz məskunlaşdırma siyasəti bəşəri cinayət kimi qiymətləndirilməlidir

Əhməd Urfalı: Ermənistanın qanunsuz məskunlaşdırma siyasəti bəşəri cinayət kimi qiymətləndirilməlidir

16.09.2020

Ankara, 16 sentyabr, AZƏRTAC

Son vaxtlar Ermənistan rəhbərliyinin və erməni lobbisinin Yaxın Şərqdən, əsasən də Suriya və Livan kimi ölkələrdən erməni əsilli əhalinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionuna, həmçinin ətraf bölgələrdə qanunsuz məskunlaşdırma cəhdlərindən çox narahatıq. Ermənistanın işğalçılıq siyasətinin davamı olan bu hal regiondakı vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməyə xidmət edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Əskişəhərdə fəaliyyət göstərən Əmirdağ Mədəniyyət və Sənət Dərnəyinin (ESAB) rəhbəri, yazıçı-publisist Əhməd Urfalı ifadə edib.

Ermənistan adlı dövlətin yaranandan bəri terrorçuluq fəaliyyəti ilə məşğul olduğunu diqqətə çatdıran tədqiqatçı deyib: “Ermənistan işğalçılıq siyasətini davam etdirməklə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrə məhəl qoymur. Azərbaycanın işğal altındakı torpaqlarında qanunsuz məskunlaşdırma siyasəti isə beynəlxalq hüququn bütün prinsiplərinə ziddir. Beynəlxalq ictimaiyyətin bu məskunlaşdırmaya göz yumması yolverilməzdir. Bu proses bəşəri cinayət kimi dəyərləndirilməli və dərhal dayandırılmalıdır”.

Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin, eləcə də bu ölkənin və dünya ermənilərinin Türkiyəyə qarşı əsasız iddialarının eyni düşüncədən qaynaqlanan xəstə təfəkkürün məhsulu olduğunu diqqətə çatdıran tədqiqatçı qeyd edir ki, erməni kilsəsi və lobbisi tarixin ayrı-ayrı dövrlərində olduğu kimi, yenə də öz toplumlarının ağır fəlakətə sürükləyəcəklər.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

AZERTAG.AZ :Əhməd Urfalı: Ermənistanın qanunsuz məskunlaşdırma siyasəti bəşəri cinayət kimi qiymətləndirilməlidir

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Xəbəri paylaş: