Əməkdar jurnalist, yazıçı-publisist Əli İldırımoğlu vəfat edib

Əməkdar jurnalist, yazıçı-publisist Əli İldırımoğlu vəfat edib

18.11.2020 Off By admin

Ötən gecə əməkdar jurnalist, yazıçı-publisist Əli İldırımoğlu vəfat edib.

Əli İldırımoğlu (Əli İldırım oğlu Məmişov) 1927-ci il noyabrın 17-də indiki Qubadlı rayonunun Əliquluuşağı kəndində doğulub.

Burada orta məktəbin VIII sinfində oxuyarkən 1941–1945-ci illəri əhatə edən Böyük Vətən müharibəsi başlanmışdı. VIII–IX siniflərdə çoxluq təşkil edən və əsgərlik yaşına çatmış oğlanlar müharibəyə cəlb olunduğundan həmin siniflər tədris fəaliyyətini dayandırmışdı. Məktəbin direktorluğu onun fəal şagird olduğunu nəzərə alıb, birbaşa qızların çoxluq təşkil etdiyi və bu səbəbdən tədrisi davam etdirdilən X sinfə keçirilmişdi. Beləliklə, Əli İldırımoğlu VIII sinfi başa vurub, IX sinifdə oxumadan, birbaşa X sinfə keçmiş və həmin orta məktəbi müvəffəqiyyətlə bitirmişdir.

Aliildirimoglu.jpg

Müharibənin gedişi ilə əlaqədar olaraq, kəndlərdə müəllim qıtlığı yaranmışdı. Ona görə də elə həmin il Əli İldırımoğlu Şuşa şəhərində açılmış müəllim kadrları hazırlayan iki aylıq kursa göndərilmişdir. Həmin kursu bitirdikdən sonra 1941–1942-ci dərs ilində ilk dəfə olaraq Məlikəhmədli kənd ibtidai məktəbində sinif müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. 1946-cı ilə qədər rayonun Xıdırlı, Novlu, Xəndək ibtidai, Teymur Musganlı yeddiillik məktəblərində müəllim işləmişdir.

Qiyabi yolla Laçın Pedaqoji Texnikumunu, 1946–1948-ci illərdə Ağdam ikiillik Müəllimlər İnstitutunun Tarix fakültəsini bitirdikdən sonra yenidən pedaqoji fəaliyyətini davam etdirmişdir. Əliquluuşağı, Dondarlı, Muradxanlı orta məktəblərində direktorun tədris işləri üzə müavini işləmişdir. 1951-ci ildən rayon maarif şöbəsinin inspektoru, Qubadlıda nəşr edilən “Avanqard” rayon qəzetinin məsul katibi, sonra isə redaktor vəzifələrində çalışmışdır.

1955-ci ilin yanvar ayından 1990-ci ilin sonuna qədər “Kommunist” qəzetinin xüsusi müxbiri kimi Naxçıvan, Qarabağ, Dağlıq Qarabağ, Mil-Muğan, Sumqayıt-Quba zonaları üzrə fəaliyyət göstərmişdir.

“Kommunist” qəzetində qeyri-normal mühit yarandığından öz təşəbbüsü ilə 1990–1992-cı illərdə “Həyat” qəzetinə işə keçmişdir və həmin mətbu orqanında eyni zonada (Abşeron, Sumqayıt, Dəvəçi, Quba, Qusar, Xaçmaz rayonlarında) xüsusi müxbir işlədikdən sonra ərizəsi ilə təqaüdə çıxmışdır. Əli İldırımoğlu 1992-ci ildən fərdi təqaüdçüdür.

Yüzlərlə oçerk, felyeton, hekayə və povestlərdən ibarət olan “Yazım-yazmayım”, “Mayaklar”, “Telepat”, “Çinarlı”, “Dərd”, “Silinməz izlər” kitablarının, “Həmin adam”, “Közərən sətirlər”, “Mənim rəncbər atam'”, iki hissədən ibarət olan “Zorən jurnalist”, “Aqibət”, “Qarlı gecələr”, “Daş yağan gün” romanlarının müəllifidir.

“Zorən jurnalist” romanının birinci hissəsi (“Eşq, qələm və qovğa” adı altında), “Mənim rəncbər atam”, “Aqibət” romanları türk dilinə, “Aqibət” romanı rumın dilinə tərcümə edilib böyük tirajla nəşr olunmuşdur. “Mənim rəncbər atam” romanı İranda ərəb əlifbası ilə nəşr olunmuşdur.

Əli İldırımoğlu 1941–1945-ci illərdə arxa cəbhədə göstərdiyi “Rəşadətli əməyə görə” medalı ilə, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 noyabr tarixli Sərəncamı ilə Azərbaycan ədəbiyyatı və jurnalistikasının inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunmuşdur. 1966-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1988-ci il noyabrın 15-də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə “Əməkdar jurnalist” adına layiq görülüb. “Qızıl qələm”, “Ali Araz”, “Ustad jurnalist”, “Əbdürrəhim bəy Haqverdiyev” adına mükafatların laureatıdır. Türkiyənin Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən türk ədəbiyyatının inkişafında göstərdiyi xidmətlərə görə “Türk Ədəbiyyatına Xidmət” beynəlxalq mükafata və Milli mükafata layiq görülüb.

2007-ci ildə onun seçilmiş əsərləri çapdan çıxmışdır. Əsərləri barədə 2006-cı ildə tənqidçi Bəsti Əlibəylinin, 2009-cu ildə filologiya elmləri namizədi Qurban Bayramovun “Milli-mənəvi dəyərlərin bədii salnaməsi” monoqrafiyaları nəşr olunmuşdur.

Qeyd edək ki, Əli müəllimin 4 oğul, 1 qız, 13 nəvə, 9 nəticəsi var.

 “Hakimiyyət” qəzetinin oxucuları və kolektivi adından mərhumun ailəsinə, övladlarına Allahdan səbr diləyirik.

Allah rəhmət eləsin!

Xəbəri paylaş: