Ərəb Liqası ABŞ-ın Yaxın Şərqdə sülh planını rədd edib

03.02.2020 Off By admin

Qahirədə Ərəb Liqasının üzv dövlətlərinin ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqdə sülh planını müzakirə etmək üçün keçirdiyi təcili iclasda Ağ evin təklifləri rədd edilib. AZƏRTAC Al Arabia telekanalına istinadla xəbər verir ki, təşkilatın rəhbəri Əhməd Abul-Qeytin sədrliyi və Xarici İşlər nazirlərinin iştirakı ilə keçirilən iclasda sözügedən planın detalları ətrafında fikir mübadiləsi aparılıb. Tədbirə Fələstin nümayəndələri də dəvət olunub.

Qeyd olunub ki, Donald Trampın “əsrin sazişi” adlandırdığı plan Fələstin xalqının maraqlarına, həmçinin BMT Baş Assambleyasının münaqişənin nizamlanması üzrə 1984-cü ildə qəbul etdiyi qətnaməyə ziddir. İclasda bu problemin ədalətli həllinə dair Vaşinqtona müraciət ünvanlanıb. Ərəb Liqasının üzv dövlətləri vurğulayıblar ki, sözügedən planın zorla həyata keçirilməsi ciddi fəsadlar törədə bilər və bunun bütün məsuliyyəti ABŞ-ın üzərinə düşəcək. Onlar, həmçinin qeyd ediblər ki, İsraillə ərəb ölkələri arasında münasibətlərin Ərəb Sülh Təşəbbüsü çərçivəsində normallaşması yalnız bu problemin ədalətli həllindən sonra mümkün ola bilər.

Xəbəri paylaş: