Qəşəm Nəcəfzadə “Ölüm, həyat”

Qəşəm Nəcəfzadə “Ölüm, həyat”

23:16 04.05.2020

Ay kişi, ay oğul, ay arvad, ay qız,
Sən öl, bu dünyada boşdu yaşamaq.
Nə fərqi var axı, sən az yaşadın,
Ya da ki, mən səndən üçcə il artıq.

Yaxşısı budur ki, bir az tez gedib,
Buz kimi torpağı qızdırsın ürək.
Gözünün bir hovur çimirini al,
Torpaq mütəkkəyə dirsəklənərək.

Bir az dənələmək qara torpağı,
Torpaq sanı qədər sükut dinləmək.
Qəbrinin üstünə gələn adamın
Ürək döyüntüsün sakit dinləmək.

Allaha and olsun bilir Füzuli,
Bu saat hər şeyi düz yazdığımı.
Qarışqalar görüb təəccüblənəcək,
Bir gün böyrü üstə uzanmağını.

Qəbrin qazılsa da, birin – ikiyə,
Pis olma, torpağa gözünü yum bax.
İşıqdı torpağın dənəcikləri,
Azərbaycandan gir, Amerkadan çıx.

Əlinlə torpağı yavaşca oxu,
Qəflətən anana toxuna bilər.
Düşüncəni unut, gözünü söndür,
Kimi itirmisən, yanına gələr.

Başdaşın küləklə qoşa oxuyur,
Səni nişan verir yenə birinə.
Gecə ay doğanda qəbirdən çıxıb,
Uçur başdaşını, qayıt yerinə.

Xəbəri paylaş: