64 minə yaxın abituriyent elektron ərizəsini təsdiq edib

64 minə yaxın abituriyent elektron ərizəsini təsdiq edib

10:29 23.05.2020

“Hakimiyyet.com” xəbər verir ki,

 

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu davam edir.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən xəbərə görə, bu gün saat 09:40-a olan məlumata əsasən 63616 abituriyent elektron ərizəsini təsdiq edib. Hazırda ərizəsini təsdiq etmiş abituriyentlərdən 55597-si cari ilin, 8019-u isə əvvəlki illərin məzunlarıdır. Ərizəsini təsdiq etmiş abituriyentlərdən 32004-ü kişi, 31612-si isə qadındır.

Məlum olduğu kimi, mayın 12-dən etibarən ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbuluna start verilib. Abituriyentlərin ərizələrinin qəbulu artıq 13-cü ildir ki, elektron formada Dövlət İmtahan Mərkəzinin saytı vasitəsilə aparılır.

Abituriyentlərin təqribən 99%-ə yaxını (62669 nəfər) ərizəsini özü təsdiq edib. DİM-in elektron məlumat bazasında yetərli məlumatı olmadığı üçün 1% (947 nəfər) abituriyent (əsasən 2011 və daha əvvəlki illərin məzunları) elektron ərizəsini Sənəd Qəbulu Komissiyasında təsdiq etdirib.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri və rayonlarda yerləşən inzibati binalarında yerləşən Sənəd Qəbulu Komissiyaları qeyri-iş günləri olan 23, 29 və 30 may tarixlərində də fəaliyyət göstərəcək.

Vətəndaşların qəbulu Mərkəzin internet saytı vasitəsilə əvvəlcədən onlayn növbə götürməklə həyata keçirilir.

Müsabiqədə iştirak etmək üçün ərizələrin qəbulu 2020-ci il iyunun 5-dək davam edəcək və bu müddətin uzadılması nəzərdə tutulmur.

Xəbəri paylaş: