ABŞ-ın Azərbaycan icması Respublika Gününü virtual formatda qeyd edib

ABŞ-ın Azərbaycan icması Respublika Gününü virtual formatda qeyd edib

4:28 30.05.2020

Vaşinqton, 30 may, AZƏRTAC 

ABŞ-da yaşayan Azərbaycan icması üzvlərinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 102-ci ildönümü virtual tədbirlə qeyd edilib. Görüşə Azərbaycanın və Türkiyənin ABŞ-dakı səfirlikləri dəvət olunub. ABŞ, Kanada və İsraildə yaşayan 130-dək vətəndaş və soydaşlarımız tədbirə qoşulub və “Facebook” üzrə aparılan canlı yayımın 2400-dən çox izləyicisi olub.

Tədbirin moderatoru, Meyn ştatında Azərbaycan Cəmiyyətinin təsisçisi və prezidenti Tərlan Əhmədov qonaqları salamlayaraq professor, Azərbaycan-Amerika Musiqi Fondunun təsisçisi və icraçı direktoru Cəmilə Cavadova-Spitzbergin və Ariel Hernandezin (soprano) ifasında Azərbaycan və ABŞ himnlərini dinləməyə dəvət edib.

Sonra Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov hər kəsi bu bayram münasibətilə təbrik edib və Türkiyənin bu böyük gündə yanımızda olmağından məmnunluq hissi keçirdiyini bildirib. Bu bayramın hər il Vaşinqton şəhərində səfirliyini təşkilatçılığı ilə mindən çox adamın iştirakı ilə qeyd olunduğunu xatırladan səfir bu il tədbirdə Azərbaycan icmasının dəvəti ilə qonaq qismində iştirak etdiyini deyib. O, icma üzvlərinin ABŞ-da əldə etdiyi nailiyyətlərdən və azərbaycanlı olaraq tarixi töhfələrindən misallar gətirərək COVID-19 pandemiyası dövründə Respublika Gününü birlikdə qeyd etmək üçün ilk dəfə olaraq bütün Amerikada yaşayan Azərbaycan icmasının birlikdə toplandığına və həmrəylik göstərdiyinə görə fərəh hissi keçirdiyini və təşəkkürünü bildirib. Qeyd edib ki, Respublika Günü təntənəli proqramı Amerikanın icma fəallarını bir yerə gətirərək ilk belə təcrübədir. Bu gözəl tədbirin məhz icma üzvlərinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilməsi bayramın əhəmiyyətini artırıb.

Elin Süleymanov vurğulayıb ki, Türkiyə səfirliyinin bu bayrama qoşulması bir daha Azərbaycan və Türkiyənin bir-birinə yaxın, əziz və qardaş olduğunu, eləcə də ümummilli lider Heydər Əliyevin “bir millət, iki dövlət” fikrini təsdiqləyir. Bu gün Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən və gündən-günə güclənən müstəqil Azərbaycan hər bir azərbaycanlı üçün Vətəndir.

Türkiyənin ABŞ-da səfiri Sərdar Kılıç dəvət olunduğuna görə təşəkkürünü bildirib və bu çətin günlərdə belə bir tədbirin təşkilinin çox gözəl təşəbbüs olduğunu vurğulayıb. Bildirib ki, dost və qardaş ölkə Azərbaycan ilə bu önəmli gündə birlikdə olmaqdan qürur duyur. Türkiyənin ABŞ-dakı səfirliyi və türk vətəndaşları adından Azərbaycan Respublikasını 102-ci il dönümü münasibətilə təbrik edir, iki qardaş dövlətdə gələcək nəsillərin də Respublika Gününü qeyd etməsini arzulayır.

Tədbirin bədii hissəsində Cəmilə Cavadova-Spitzberg XX əsrin əvvəllərində Azərbaycanda mədəniyyətin və musiqinin inkişafına töhfə verən proseslərdən danışaraq Azərbaycan klassik musiqisinin Qərb və Şərq dəyərlərini bir araya gətirdiyini diqqətə çatdırıb.

Daha sonra Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının təsisçisi və prezidenti Töhfə Eminova ABŞ-ın müxtəlif ştat və şəhərlərindən Respublika Günü ilə bağlı təqdim olunan bəyannamələr haqqında məlumat verib. Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının vitse-prezidenti Devid Qudvin Hyuston şəhərinin meri adından təqdim olunan Bəyannamənin mətnini oxuyub.

Alyona Bədəlova Vaşinqton şəhərində fəaliyyət göstərən Azərbaycan Məktəbi və “My way” uşaq və gənclər mərkəzinin uşaqlarının təbrikini və videoçıxışlarını təqdim edib.

Daha sonra Azərbaycanın ABŞ-dakı səfirliyinin siyasi məsələlər üzrə əməkdaşı Şəlalə Vəliyeva Cümhuriyyət dövründə qadınların sosial həyata və təhsilə töhfələrindən danışıb.

Tədbirdə musiqi sənətinin müxtəlif janrlarında Namiq Sultanov, Humay Qasımzadə, Nərgiz Əliyarova, Pərvin Muradova Dilbazi, Aleksandr Peskanov, Cavid İsmayılbəyli, Ceyran Həsən və Qiyas Zeideh, Eldar Xudiyev, Azər Dəmirov və Cefrey Verbork, Emil və Leyla Əfrasiyab çıxış ediblər.

Harvard Universitetinin Tarix fakültəsində doktorantura pilləsində təhsil alan Səma Məmmədova, universitetin Hüquq Məktəbində İnsan hüquqları proqramında “fellowship” keçən, ADA Universitetinin Hüquq proqramının direktoru Rəşad İbadov, ABŞ-Azərbaycan Ticarət Palatasının direktorlar şurasının üzvü Şapur Ansari və icraçı direktoru Natiq Baxışov, Gün.az TV-nin təsisçisi Əhməd Obalı, ABŞ-Azərbaycan Akademiklər Şəbəkəsinin təsisçisi Sevinc Məmmədova çıxış edərək öz təbriklərini çatdırıblar. Texas ştatının Hyuston şəhərində yerləşən Azərbaycan Mərkəzinin direktoru, Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti İradə Axundova təbriklərini söyləyib, tədbirin təşkilində zəhməti olan hər kəsə təşəkkürünü bildirib.

Sonda Azərbaycan-Amerika Musiqi Fondunun təsisçisi və icraçı direktoru Cəmilə Cavadova-Spitzbergin təşəbbüsü ilə Cümhuriyyətin 102-ci ildönümünü qeyd etmək üçün Niderland, İtaliya, ABŞ, İsveç, Finlandiya, Cənubi Afrika, Cənubi Koreya və Fransanın orqan ifaçıları birlikdə Azərbaycan himnini səsləndiriblər.

AZƏRTAC-ın Vaşinqton bürosu

AZERTAG.AZ :ABŞ-ın Azərbaycan icması Respublika Gününü virtual formatda qeyd edib

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Xəbəri paylaş: