Qətər KİV-ləri 28 May – Respublika Günü barədə məlumatlandırılıb

Qətər KİV-ləri 28 May – Respublika Günü barədə məlumatlandırılıb

7:14 30.05.2020

Bakı, 30 may, AZƏRTAC

Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov 28 May – Respublika Günü ilə əlaqədar yerli KİV nümayəndələri ilə virtual mətbuat konfransı keçirib.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, mətbuat konfransı Qətərin “Əl-Arab”, “Əl-Şərq”, “Əl-Raya” və “Luseyl” qəzetlərində geniş işıqlandırılıb. Səfir R.İsmayılov KİV nümayəndələrinə Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumat verib.

Daha sonra Azərbaycan-Qətər münasibətlərinin müxtəlif aspektlərinə dair jurnalistləri maraqlandıran sualları cavablandıran səfir iki ölkə arasında siyasi, iqtisadi, ticarət, investisiya, turizm və s. sahələrdə əməkdaşlıq istiqamətində görülmüş işlər barədə ətraflı danışıb.

Səfir R.İsmayılov iki ölkə arasında COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində əməkdaşlığa da toxunub. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə baş tutmuş Qoşulmama Hərəkatının Zirvə Görüşündə alınan qərarlar çərçivəsində iki ölkə arasında müvafiq sahədə daha sıx və koordinasiyalı əməkdaşlıq üçün münbit zəmin yaranıb. Səfir Azərbaycan Prezidentinin təşəbbüsü ilə daha öncə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının da Zirvə Görüşünün təşkil olunduğunu diqqətə çatdırıb.

R.İsmayılov pandemiya dövründə səfirliyin fəaliyyəti, Qətərdə yaşayan azərbaycanlılarla iş, Qətərin səhiyyə sistemi və s. barədə müxtəlif sualları cavablandırıb.

Yerli mətbuat orqanları 2020-ci il 29 may tarixli nömrələrinin bütöv bir səhifəsini məhz bu mətbuat konfransına ayırıblar.

AZERTAG.AZ :Qətər KİV-ləri 28 May – Respublika Günü barədə məlumatlandırılıb

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Xəbəri paylaş: