Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib

Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib

20:46 26.06.2020

Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən, xeyli dərəcədə elektrik enerjisi ehtiyatı olan ölkəyə çevrilib.Hakimiyyət.com xəbər verir ki, bu fikirləri  Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin üzvü İqbal Məmmədov bildirib. Deputat qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev Mingəçevirə səfəri zamanı bir sıra vacib obyektlərin açılışını edib, çox dəyərli çıxışlarla yadda qalıb.

İqbal Məmmədov qeyd edib ki, dövlətimizin başçısının Azərbaycanda enerji sistemlərinin yaradılması və inkişafına dair dedikləri fikirlərdə böyük reallıqlar öz əksini tapıb. Keçən əsrin 30-cu illərdən başlayaraq Azərbaycanda bir sıra sistemlər quruldu, sonradan SSRİ miqyasında böyük sayıla biləcək Mingəçevir Su Elektrik Stansiyasının əsası qoyuldu. Amma bildiyiniz kimi, bu stansiyanın bəndlərində müəyyən zədələnmələr meydana gəlmişdi, eyni zamanda, stansiyanın avadanlıqları xeyli köhnəlmişdi, innovativ cəhətdən çox geridə qalmışdı. İki il əvvəl Mingəçevirdəki “Azərbaycan” İstilik Elektrik Stansiyasında qəza baş verdi. Bu qəza nəticəsində Azərbaycanda elektrik enerjisi problemi yaşandı. Prezident İlham Əliyev bununla bağlı xüsusi müşavirə keçirdi, tapşırıqlar verdi və problem qısa müddətdə aradan qaldırıldı.

“Çox sevindirici haldır ki, ötən müddət ərzində bu stansiya nəinki bərpa olunub, demək olar tamamilə yeni, müasir, dünya səviyyəli avadanlıq və qurğularla təchiz olunub, sistem tamamilə təzələnib, avtomatik sistemə keçirilib. Ən əsası isə baş verə biləcək xətalardan sığortalanma sistemləri yaradılıb”, – deyə Milli Məclisin deputatı əlavə edib.

İ.Məmmədov vurğulayıb ki, ötən əsrin 70-ci illərindən başlayaraq ulu öndər Heydər Əliyev Azərbaycanda bütün sahələrdə inkişafı stimullaşdırdı, o cümlədən elektrik və enerji təsərrüfatının yenidən yaradılmasına və inkişafına böyük təkan verildi, bu sahədə genişmiqyaslı tədbirlər həyata keçirildi. Prezident İlham Əliyev Azərbaycanın elektrik enerjisi sahəsindəki inkişafına misal olaraq Naxçıvanı göstərmək olar. Naxçıvan kiçik Muxtar Respublika olmasına baxmayaraq, qonşu dövlətlərə elektrik ixrac edir. O cümlədən Mingəçevirdəki stansiyanın bərpası, modul sistemlərinin yaradılması, böyük elektrik gücünə malik şəbəkələrin, qurğuların, stansiyaların inşası bu sahədə görülən işlərə nümunədir. Bundan başqa, alternativ enerji mənbələrinin, külək, bioenerji, Günəş enerjisindən istifadə sahəsində böyük proqramlar var. İndi Azərbaycanın enerji ehtiyatları öz tələbatını az qala iki dəfə üstələməkdədir. Bu, həm ölkəyə valyuta gətirir, həm də bu sahədə çox ciddi inkişaf var.

Deputat əminliyini bildirib ki, bütün sahələrdə olduğu kimi, elektrik enerjisinin istehsalı sahəsində də inkişaf davam edəcək, bir çox uğurlar qazanılacaqdır.

“Təsadüfi deyil ki, elektrik enerjisinin əlçatanlığına görə beynəlxalq reytinq agentlikləri Azərbaycanı həmişə ilk onluqda – bəzən ikinci, bəzən beşinci yerdə göstərirlər. Bu, Azərbaycanda aparılan islahatların uğurlu olduğunu göstərir”, – deyə İ.Məmmədov qeyd edib.

     Mehriban İsmayilzadə,

    “Hakimiyyət” qəzeti

 

Xəbəri paylaş: