BMT Baş Assambleyasının xüsusi sessiyası pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyəti səfərbər edəcək

BMT Baş Assambleyasının xüsusi sessiyası pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyəti səfərbər edəcək

14:38 30.06.2020

Bakı, 30 iyun, Səadət Hakıyeva, AZƏRTAC

Dünya dövlətlərinin pandemiya ilə bağlı lokal xarakterli mübarizə apardığı bir dövrdə Prezident İlham Əliyevin problemin qlobal müstəvidə həll olunmasının təşəbbüskarı kimi çıxış etməsi beynəlxalq aləmdə dəstəklənir. Azərbaycan liderinin təşəbbüsünə dəstək verilməsi onun dünya miqyasında nüfuzunun bariz göstəricisidir.

Bu fikirləri Milli Məclisin deputatı Tamam Cəfərova AZƏRTAC-a açıqlamasında deyib.

Deputat qeyd edib ki, BMT-yə üzv dövlətlər tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi Azərbaycanın böyük uğurudur. Qoşulmama Hərəkatı üzv ölkələrinin sayına görə dünyada BMT-dən sonra ikinci böyük təşkilatdır və bu təşkilatın sədri kimi dövlətimizin başçısına dəstək göstərilməsi Azərbaycana olan etimadın, hörmətin təzahürüdür. Dəstək verən dövlətlər anlayırlar ki, Prezident İlham Əliyevin təklifi ilə keçiriləcək xüsusi sessiyanın qəbul edəcəyi qərarlar pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyəti səfərbər edəcək. Sessiya daha mütəşəkkil qərarlar qəbul etməyə və qlobal böhrandan tez və asan çıxmağa kömək edəcək.

T.Cəfərova qeyd edib ki, Ermənistan yürütdüyü siyasətin mahiyyətinə uyğun olaraq, bu təklifə qarşı çıxan yeganə ölkə oldu. Bununla işğalçı ölkə beynəlxalq müstəvidə növbəti dəfə özünü gülünc vəziyyətdə qoydu. Əslində, Ermənistanın bu addımı gözlənilən idi. Çünki 30 ilə yaxındır ki, bu ölkə Azərbaycanın beynəlxalq müstəvidə atdığı addımları, gördüyü işləri, verdiyi təklifləri qaralamaqla məşğuldur. Bu səbəbdən ermənilərin bu hərəkəti o qədər də təəccüb doğurmadı. Ancaq söhbət insan taleyindən, ümumbəşəri təhlükədən gedirsə, bu cür cılız yanaşma insanda ikrah hissi yaradır. Nikol Paşinyan vətəndaşına verdiyi “dəyəri” bir neçə gün əvvəl də ölkəsinin yüksək tribunasından elan etmişdi. O, pandemiyanın hansı istiqamət götürməsindən asılı olmayaraq, iqtisadi problemlərdən yaxa qurtarmaq üçün iş yerlərinin tam olaraq açılacağını elan etdi. Bununla da, Ermənistanın baş naziri insan amilinin ondan ötrü axırıncı dərəcəli olduğunu göstərmiş oldu.

Deputat əmin olduğunu bildirib ki, BMT Baş Assambleyasının xüsusi sessiyanın keçirilməsi virusla mübarizədə beynəlxalq səviyyədə birliyin formalaşmasına, koordinasiyalı addımlara stimul verəcək. Onun sözlərinə görə, vəziyyətin gedişi COVID-19-la mübarizədə qlobal səfərbərliyin qaçılmaz olduğunu göstərir. Bunu sərhədlərini bağlamaqla kifayətlənən, yalnız öz ölkəsini qorumağa çalışan və dünyanın güc mərkəzi hesab olunan ölkələr belə düşünmək məcburiyyətində qaldılar.

BMT-nin Baş katibi Antonio Quterreş və Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozef Borrel, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus və bir çox dövlətlərin başçıları, beynəlxalq təşkilatların rəhbərləri pandemiyaya qarşı aparılan qlobal mübarizəyə göstərdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürlərini bildirib, onun fəaliyyətini yüksək qiymətləndiriblər. “Əminik ki, dünya ictimaiyyəti COVID-19-la mübarizədə qlobal təşəbbüslər irəli sürən və qlobal əməkdaşlığa töhfə verən Azərbaycan Prezidentini uzun illər minnətdarlıqla xatırlayacaq”, – deyə Tamam Cəfərova vurğulayıb.

AZERTAG.AZ :BMT Baş Assambleyasının xüsusi sessiyası pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyəti səfərbər edəcək

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Xəbəri paylaş: