Prezidentin köməkçisi: Azərbaycanın təcrübəsindən yararlanan bir çox dövlətlər var

Prezidentin köməkçisi: Azərbaycanın təcrübəsindən yararlanan bir çox dövlətlər var

19:16 30.06.2020

Bakı, 30 iyun, AZƏRTAC

Koronavirusla müharibədə hər bir məsələdə olduğu kimi, xalq-dövlət birliyi ən vacib prinsiplərdən biri olmalıdır. Azərbaycan vətəndaşlarının bütün digər məsələlərdə olduğu kimi, bu məsələdə də dövlətin yanında olması çox yüksək qiymətləndirilir. Vətəndaşlarımızın mütləq əksəriyyəti də çox gözəl başa düşür ki, dövlətimizin bu siyasətinin təməlində vətəndaşlarımızın sağlamlığı, onların təhlükəsizliyinin təmin olunması dayanır.

AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın iyunun 30-da keçirilən brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Təbii ki, müəyyən istisnalar da vardır. Bu istisnalar hər birimizə çətinliklər yaradır, ölkəmizdə virusun yayılması ilə bağlı xoş olmayan tendensiyaların yaranmasına səbəb olur”, – deyən Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan bu məsələdə digər ölkələrlə də fikir mübadiləsi aparır. Azərbaycanın təcrübəsindən yararlanan bir çox dövlətlər var.

Xaricdə olan vətəndaşlarımız ölkəmizə gətirilməsi ilə bağlı məsələdən də bəhs edən Hikmət Hacıyev qeyd edib ki, artıq Bakı-İstanbul-Bakı istiqaməti üzrə Azərbaycan Hava Yolları və Türk Hava Yolları şirkətlərinin xətti ilə çarter reysləri təşkil olunur. Burada əsas şərt ondan ibarətdir ki, həm Azərbaycanın, həm də Türkiyənin müəyyən olunmuş aidiyyəti səhiyyə institutları, nazirləri tərəfindən qoyulmuş şəhadətnamələrə uyğun olaraq son 48 saat ərzində etibarlı olan testlər həyata keçirən vətəndaşlar bu imkandan yararlanacaqlar və onlar artıq karantində saxlanılmırlar. Lakin onlar iki həftə evdən çıxmamaq haqqında öhdəlik götürdükləri üçün onlara bu müddət ərzində icazələr verilmir. Digər istiqamətlər üzrə də bu qəbildən olan çarter reyslərinin təşkili məsələsi də nəzərdən keçirilir.

AZERTAG.AZ :Prezidentin köməkçisi: Azərbaycanın təcrübəsindən yararlanan bir çox dövlətlər var

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Xəbəri paylaş: