Türkiyə hər zaman Azərbaycanın beynəlxalq təşəbbüslərini dəstəkləyib

Türkiyə hər zaman Azərbaycanın beynəlxalq təşəbbüslərini dəstəkləyib

13:05 01.07.2020

Ankara, 1 iyul, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin COVID-19 pandemiyası ilə bağlı BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsü mövcud problemin həlli və gələcəkdə baş verəcək digər qlobal məsələlərə hazırlıq baxımından çox əhəmiyyətlidir.

Bu fikri AZƏRTAC-a açıqlamasında Ankarada fəaliyyət göstərən Strateji Düşüncə İnstitutunun başqanı Muhammet Savaş Kafkasyalı söyləyib. Türkiyənin bütün məsələlərdə, eləcə də beynəlxalq əhəmiyyətli təşəbbüslərdə hər zaman Azərbaycanı dəstəklədiyini bildirən M.S.Kafkasyalı deyib: “Azərbaycanın Türkiyədəki səfirliyi ilə birlikdə keçirdiyimiz beynəlxalq konfransda Ankarada akkreditə olunan 60-dan çox ölkənin səfirləri iştirak etdilər. Bundan başqa, çıxışçılar bütün qitələri təmsil edirdilər. Müzakirələr əsasında məlum pandemiyanın yaratdığı böhran və bundan sonra gözlənilən risklər, eləcə də çıxış yollarına dair fikir və mülahizələri dinlədik. Mövzu ilə bağlı tədbirlərimiz davam edəcək. Çünki prosesin uzun sürəcəyi gözlənilir”.

Qeyd edək ki, Azərbaycanın Türkiyədəki səfirliyinin və Ankarada fəaliyyət göstərən Strateji Düşüncə İnstitutunun birgə təşkilatçılığı ilə iyunun 30-da Türkiyə paytaxtında “Pandemiyadan sonra beynəlxalq sistem” mövzusunda konfrans keçirilib. Konfransda Azərbaycanın təşəbbüsləri yüksək dəyərləndirilib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

AZERTAG.AZ :Türkiyə hər zaman Azərbaycanın beynəlxalq təşəbbüslərini dəstəkləyib

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Xəbəri paylaş: