“ABŞ-ın Dağlıq Qarabağla bağlı bu qərarından sonra təxribatlar dərinləşdi” – DEPUTAT

“ABŞ-ın Dağlıq Qarabağla bağlı bu qərarından sonra təxribatlar dərinləşdi” – DEPUTAT

27.07.2020

Xəbər verdiyimiz kimi ABŞ Konqresi Azərbaycan torpaqlarının işğal faktını tanıdı. Belə ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının Qaydalar Haqqında Komitəsində Ermənistanın Azərbaycan ərazilərini işğal faktını dövlət səviyyəsində ilk dəfə tanıyan 296 saylı düzəliş qəbul edilib.  Burada məsələ təkcə Azərbaycanla bağlı deyil.

Ümumilikdə Azərbaycan, Moldova, Gürcüstan və Ukrayna ilə bağlı 1991-cı ildən bu günə kimi işğal olunmuş ərazilərin və məcburi köçkünlərin vəziyyəti ilə bağlı Dövlət Departamentinə, Müdafiə Komitəsinə tapşırıq verildi ki, Konqresə məlumat hazırlasınlar. 180 gün ərzində bu məlumatlar hazırlanmalıdır. Bu qərardan sonra ermənilər müxtəlif ölkələrdə azərbaycanlılara qarşı təxribatlar və vəhşiliklər törətməkdədir. Ermənilərin son dövrlərdə müxtəlif ölkələrdə azərbaycanlılara qarşı törətdikləri təxribatların məqsədi ABŞ Konqresinin verəcəyi qərarı öz xeyirlərinə dəyişməklə bağlı ola bilərmi?

Bununla bağlı KONKRET.az-a danışan deputat Ramil Həsən bildirib ki, dünya azərbaycanlılarının həmrəylik göstərərək birlikdə yüksək səs toplayaraq təqdim etdikləri petisiyalardan sonra ABŞ Konqresinin birinci qərarı Azərbaycanın xeyrinə oldu. Belə ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının Qaydalar Haqqında Komitəsində Ermənistanın Azərbaycan ərazilərini işğal faktını dövlət səviyyəsində ilk dəfə tanıyan 296 saylı düzəliş qəbul edildi.

İkinci petisiya ilə bağlı olaraq iyulun 25-də axşam saatlarında 105 mindən çox səs toplanılmışdı. Bu gün isə daha çox səs yığılıb. Bu səslərin toplanıb təqdim edilməsində azərbaycanlıların həmrəylik göstərməsi ilə yanaşı ABŞ Konqresinin bu məsələ ilə bağlı xüsus toplaşmasına çağırışdı. O çağırış əsasında da erməni işğalçı qüvvələrinin torpaqlarımızdan çıxmasını tələb edən qətnamə qəbul edilməsi nəzərdə tutulur.

Əlbəttə, bütün bunlar fonunda Azərbaycanın son illər ərzində xarici siyasət strategiyasında fəallığı, uğuru, 12 iyulda işğalçı erməni qüvvələrinin torpaqlarımızın işğalına yenidən cəhd etməsi və bunun qarşılığında odumuzun onlara layiqli cavab verib yerində otuzdurması, həmçinin xaricdəki soydaşlarımızın türk qardaşlarımızla birlikdə ortaq fəaliyyəti Ermənistana iyrənc oyunlarını reallaşdırmağa maneə olur. Ermənistanın məqsədi  azərbaycanlıları barbar, qaniçən göstərmək, təxribatı çəkmək, müəyyən oyunlar oynayaraq Azərbaycan simasını terrorçu formasında təqdim edərək ABŞ Konqresinin verəcəyi o qərarı bizim əleyhimizə çevirməkdir”.

Deputat qeyd edib ki, ümumiyyətlə ermənilərin məkirli siyasəti o qədər şaxələnib ki, artıq atdıqları addımların hansı məqsəd güddüyü ilə bağlı xüsusi araşdırmaya ehtiyac var: “Ermənilərin Los-Ancelesdə, Brüsseldə və digər ölkələrdə oynadıqları iyrənc oyunları və ASALA terror təşkilatının köynəklərini geyinərək ortalığa çıxmaqları ara qatmaqla yanaşı azərbaycanlıları bu təxribatların içərisinə çəkmək məqsədi daşımaqdadır. Bizim hər birimiz mərd, vətənpərvər və igid oğul-qızlarımızla qürur duyuruq.

Unutmayaq ki, düşmən məkirlidir. Ermənilər terrorun bütün istiqamətlərindən istifadə edərək bizi iğtişaşlara və qurduqları oyunların içərisinə çəkməyə çalışırlar. Bundan əlavə dövlətimiz insanlarımız haqqında mənfi fikir formalaşdırmağa cəhd edirlər. Çünki cənab prezidentin də vurğuladığı kimi cəbhədə üz-üzə təkbaşına bizimlə vuruşmağa cürəti çatmayan düşmən vandalizm, faşizm ünsürlərindən istifadə etməkdədir. Ona görə də hər birimiz diqqətli, ayıq-sayıq olmalıyıq. Beynəlxalq hüquq normaları və yaşadıqları ölkələrdəki qanunlar çərçivəsində vətəndaşlarımız Azərbaycanın haqq səsini bütün dünyaya çatdırmaqla yanaşı çalışmalıdırlar ki, ermənilərin iyrənc oyunun qurbanına çevirilməsinlər”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

Xəbəri paylaş: