AMEA-nın ümumi yığıncağı keçirilib

29.12.2019 Off By admin

Dekabrın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın rəhbərliyi, Azərbaycan Respublikası Baş Nazirinin müavini Şahin Mustafayev, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Təhsil naziri Ceyhun Bayramov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, AMEA-nın həqiqi və müxbir üzvləri, ali təhsil müəssisələrinin rəhbərləri və KİV nümayəndələri iştirak ediblər.

Ümumi yığıncağın gündəliyindəki məsələləri diqqətə çatdıran AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev çıxışında bildirib ki, Azərbaycan Respublikasında elmin inkişafı dövlət siyasətinin əsas prioritetlərindəndir. Dövlətin gələcəyi, iqtisadi, siyasi və hərbi qüdrəti onun elmi potensialı ilə bilavasitə bağlıdır. Ölkənin davamlı inkişaf strategiyası, habelə müasir dünyada baş verən qlobal iqtisadi problemlər Azərbaycanın intellektual əsaslar üzərində inkişafını zərurətə çevirib.

Respublikada elmi fəaliyyət sahəsində dövlət siyasətini həyata keçirən ali dövlət təşkilatı Azərbaycan Milli Elmlər Akademiyasıdır. Akademiya 75 illik tarixi ərzində, xüsusilə xalqımızın ümummilli lideri Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə zəngin bir inkişaf yolu keçib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bütün digər sahələrdə olduğu kimi, elmi fəaliyyət sahəsinə yanaşmada da ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirməkdədir. Bunun nəticəsidir ki, hazırda akademiyanın fəaliyyət dairəsi xeyli genişləndirilib, onun səlahiyyətləri artırılıb. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və onun həyata keçirilməsi ilə bağlı Dövlət Proqramının icrası istiqamətində görülmüş işlər bütövlükdə Azərbaycan elminin, o cümlədən AMEA-nın inkişafına böyük təkan verib.

AMEA-nın prezidenti qeyd edib ki, bütün bunlarla yanaşı, hazırda akademiyanın qarşısında tamamilə yeni vəzifələr dayanır. Hazırkı şəraitdə akademiyanın elmi potensialının inkişaf etdirilməsi üçün ciddi islahatlara ehtiyac var. Bu vəzifələr həm dünya elminin inkişaf meyillərindən, həm də ölkənin modernləşməyə və intellektual inkişaf modelinə əsaslanan strateji inkişaf istiqamətlərindən irəli gəlir. Məlumdur ki, bu gün inkişafın əsas lokomotivi elm və innovasiyadır. Bu mənada akademiya bütün başlanğıcların lideri olmalıdır. Akademiya dövlətimizin başçısı tərəfindən həyata keçirilən çoxşaxəli islahatlara elmin dəstəyini təmin etmək üçün məqsədyönlü tədbirlər reallaşdırmalıdır. Xatırlatmaq istəyirəm ki, 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev akademiyanın 70 illik yubileyində dərin məzmunlu nitqlə çıxış edib. Cənab Prezident həmin nitqində Azərbaycan elminin respublikanın sosial-iqtisadi və mədəni-mənəvi inkişafı ilə bağlı prioritet fəaliyyət istiqamətlərini müəyyənləşdirib. Xeyli müddət keçməsinə baxmayaraq, cənab Prezidentin qaldırdığı məsələlər bu gün də akademiya üçün aktual olaraq qalmaqdadır.

Elmi fəaliyyət sahəsində əsas çatışmazlıqları ardıcıl olaraq qeyd edən Ramiz Mehdiyev deyib: “Təəssüf hissi ilə deməliyəm ki, akademiya mühüm dövlət proqramlarının icrası prosesində lazımi səviyyədə iştirak etmir. Dövlət hər il akademiyaya kifayət qədər böyük məbləğdə vəsait ayırır. Lakin əvəzində demək olar ki, heç bir fayda əldə edilmir. Biz bu istiqamətdə işimizi yenidən qurmalıyıq. Hər bir institut dövlət maraqlarından irəli gələn məsələlərin həllində öz yerini və rolunu dəqiq müəyyən etməlidir. Akademiya öz intellektual potensialı ilə mühüm dövlət proqramlarının, elmi-texniki layihələrin əsas eksperti funksiyasını həyata keçirməlidir.

Son illər Akademiya əməkdaşlarının elmi-tədqiqat işlərinə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondundan və Azərbaycan Dövlət Neft Şirkətinin “Elm” Fondundan 50 milyondan artıq vəsait ayrılıb. Lakin ayrılan vəsaitlə müqayisədə bu tədqiqatların konkret nəticələri hələ ki, görünmür.

Alimlərin beynəlxalq elmi layihələrdə, o cümlədən dövlətin reallaşdırdığı milli və regional elmi layihələrdə iştirakı olduqca zəifdir. Avropa Komissiyası beynəlxalq elmi layihələrə 80 milyard avro vəsait ayırıb. Yenə də təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, alimlərimizin bu layihələrdə iştirakı lazımi səviyyədə deyil. Bunun nəticəsidir ki, Azərbaycan elmi bir sıra müasir elm sahələrindən, həmçinin yeni iqtisadi modellərin işlənib hazırlanması və tətbiqindən kənarda qalıb”.

Hazırda qeyri-neft sektorunun inkişafının dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil etdiyini vurğulayan AMEA-nın prezidenti bildirib ki, alimlərin qeyri-neft sektorunun inkişafına real dəstəyi və bu proseslərdə iştirakı isə ümumiyyətlə, hiss olunmur. Bu da öz növbəsində, Elmlər Akademiyasının yalnız büdcə hesabına fəaliyyət göstərən quruma çevrilməsinə gətirib çıxarıb. Müqayisə üçün bildirmək istəyirəm ki, hazırda Belarus Elmlər Akademiyası büdcəsinin təxminən 60 faizi, Rusiya Elmlər Akademiyası büdcəsinin isə 30 faizi büdcədənkənar vəsaitlər hesabına formalaşır. Bizim akademiyamızın büdcəsinin isə yalnız 2 faizini büdcədənkənar vəsaitlər təşkil edir. Bu da onu göstərir ki, akademiyada elmi nəticələrin və innovasiya texnologiyalarının işlənib hazırlanması olduqca zəif qurulub. Yaradılmasından 3 il keçməyinə baxmayaraq, akademiyanın Yüksək Texnologiyalar Parkında da işlər müasir tələblər səviyyəsində qurulmayıb.

Elmi fəaliyyət sahəsində mövcud olan bu və digər nöqsanların, o cümlədən elmi müəssisələrdə tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılması işinin düzgün qurulmamasının nəticəsidir ki, hazırkı şəraitdə respublikamız üçün faydalı ola biləcək yüksəkixtisaslı kadrların xarici ölkələrə sahibkarlıq fəaliyyəti sahələrinə və digər strukturlara axını günümüzün reallığına çevrilib.

Bütün bu nöqsanların aradan qaldırılması üçün akademiyanın strukturu tamamilə yenidən qurulmalı, onun inkişaf hədəfləri, prioritetləri, dövlət siyasətinin həyata keçirilməsində iştirakı mexanizmləri dəqiq və aydın olaraq müəyyənləşdirilməli, təxirəsalınmaz əməli tədbirlər həyata keçirilməlidir.

AMEA-nın prezidenti deyib ki, sizə təqdim olunan proqram aşağıdakı bir neçə mühüm istiqaməti özündə birləşdirir:

-Elmi tədqiqatların prioritetlərinin ölkənin sosial-iqtisadi, mədəni və ictimai problemlərinin həllinə yönəldilməsi;

-Elm sahəsində idarəetmə sisteminin, həmçinin elmi infrastrukturun modernləşdirilməsi və optimallaşdırılması;

-Elmi tədqiqat müəssisələrinin və bütövlükdə elmin maliyyələşdirilmə mexanizmlərinin təkmilləşdirilməsi;

-Yüksəkixtisaslı kadrların hazırlanması;

-Elmlə təhsilin inteqrasiyası;

-Elmi işçilərin sosial təminatının yaxşılaşdırılması;

-Elmin normativ-hüquqi bazasının və informasiya təminatının gücləndirilməsi və s.

Əminəm ki, bu proqram müasir şəraitdə akademiyada əsaslı islahatların həyata keçirilməsində mühüm rol oynayacaq.

Gündəlikdə yer alan ikinci mühüm məsələnin akademiyanın Nizamnaməsində bir sıra dəyişikliklərin edilməsi ilə bağlı olduğunu vurğulayan akademik Ramiz Mehdiyev deyib: “Bilirsiniz ki, akademiyanın Nizamnaməsi onun fəaliyyətini tənzimləyən əsas normativ hüquqi sənəddir. Müstəqillik illərində AMEA-nın ilk Nizamnaməsi xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən 2003-cü ildə təsdiq edilmişdir. Bu, o dövrdə akademiyanın, bütövlükdə Azərbaycan elminin inkişafında mühüm bir tarixi hadisə idi. Çünki məhz həmin Nizamnaməyə əsasən Azərbaycan Milli Elmlər Akademiyasına xüsusi status verilmişdir.

Lakin ölkənin sürətli sosial-iqtisadi inkişafı, cəmiyyətin bütün istiqamətlərdə əsaslı şəkildə yenilənməsi, hüquqi dövlət quruculuğu sahəsindəki nailiyyətlər elmi fəaliyyətin idarə edilməsi baxımından da köklü islahatların həyata keçirilməsi zərurətini yaratmışdır. Ona görə də akademiyanın Nizamnaməsi yeni tələblər əsasında hazırlanmış və 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunmuşdur.

Elmi fəaliyyət sahəsində hüquqi islahatların genişlənməsi istiqamətində mühüm addım “Elm haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 9 avqust tarixli Fərmanı olmuşdur. Biz “Elm” Qanununun verdiyi imkanlardan daha geniş istifadə etməklə akademiyanın qarşısında duran vəzifələrin həllinə nail olmalıyıq. Buna görə də Nizamnamədə bir sıra dəyişikliklərin edilməsi vacibdir.

Hesab edirəm ki, hazırkı şəraitdə həm akademiya, həm də ayrılıqda hər bir elmi müəssisə, şöbə, laboratoriya qarşısında duran vəzifələrə yenidən baxılmalıdır. Onların araşdırdıqları problemlər, o cümlədən prioritetlər cəmiyyət quruculuğuna və ölkənin inkişaf strategiyasına uyğun olaraq yenidən müəyyənləşdirilməlidir.

Qarşıya qoyulan yeni vəzifələr, prioritet elmi istiqamətlər kontekstində akademiyanın və onun elmi qurumlarının strukturunun təkmilləşdirilməsi üçün əsaslı tədbirlər həyata keçirilməlidir.

Fundamental və tətbiqi tədqiqatların səmərəliliyinin artırılması, xüsusilə innovasiya fəaliyyətinin genişləndirilməsi üçün intellektual əmək resurslarından daha səmərəli istifadə edilməlidir. Elmi işçilərin attestasiyası həyata keçirilməli və onların səmərəli yerləşdirilməsi təmin edilməlidir.

AMEA-nın prezidenti diqqətə çatdırıb ki, gündəlikdə yer alan digər məsələ Nizamnamə komissiyasının sədrinin və tərkibinin müəyyənləşdirilməsi və təsdiqidir. Bu da mühüm məsələlərdən biridir. Çünki akademiya sistemində Nizamnamə komissiyası elmin normativ-hüquqi bazasının formalaşdırılması baxımından xüsusi əhəmiyyətə malikdir. Nəzərə alsaq ki, akademiyada Nizamnamə komissiyası sonuncu dəfə 2013-cü ildə təsdiq edilmişdir, artıq bu məsələyə də yenidən baxılmalıdır.

Bu gün ümumi yığıncaqda Rəyasət Heyətinin tərkibində bəzi dəyişikliklərin edilməsi də nəzərdə tutulur. Qarşımızda mühüm hədəflərin dayandığı bir şəraitdə akademiyanın əsas vəzifə və funksiyalarını icra edən Rəyasət Heyətinin işinin səmərəliliyinin artırılması zəruridir.

Akademik Ramiz Mehdiyev çıxışını yekunlaşdıraraq deyib: “Əminəm ki, qeyd olunan məsələlərlə bağlı ətraflı müzakirələr aparıb Azərbaycan elminin inkişafı, akademiyanın strukturunun təkmilləşdirilməsi, onun fəaliyyətinin optimallaşdırılması və inkişaf perspektivlərinin müəyyənləşdirilməsi, kadr potensialının gücləndirilməsi istiqamətində mühüm qərarlar qəbul edəcəyik”.

Gündəlikdə dayanan birinci məsələ ilə bağlı söz AMEA-nın akademik-katibi, akademiyanın müxbir üzvü Əminağa Sadıqova verilib. “AMEA-nın 2020-2025-ci illər üçün inkişaf proqramı”nın əsas müddəalarını iştirakçıların diqqətinə çatdıran AMEA-nın müxbir üzvü bildirib ki, təqdim olunan proqram elmi tədqiqatların prioritetlərinin müəyyən edilməsi, struktur islahatların aparılması və idarəetmənin təkmilləşdirilməsi, elmi infrastrukturun modernləşdirilməsi, elmin maliyyələşdirilməsinin təkmilləşdirilməsi və s. məsələləri əhatə edir. Elm, təhsil və iqtisadiyyatın inteqrasiyasının gücləndirilməsi, sahibkarlıq və innovasiya fəaliyyətinin genişləndirilməsi və elmi nəticələrin tətbiqi, Azərbaycançılıq ideologiyasının, milli-mənəvi dəyərlərin əsaslarının işlənib hazırlanmasında elmin dəstəyinin təmin edilməsi də proqramda yer alan mühüm bəndlərdəndir.

Proqramın hər bir istiqaməti haqqında ətraflı məlumat verən AMEA-nın müxbir üzvü elmi prioritetlərin müəyyənləşdirilməsində dövlətin akademiyanın qarşısında qoyduğu vəzifələrin əsas prinsip olaraq nəzərə alınması, struktur islahatlarında idarəetmənin ağırlıq mərkəzinin elmi müəssisələrə keçirilməsi, elmin maliyyələşdirilməsində əməyin indeksləşdirilməsi, elm, təhsil və iqtisadiyyatın inteqrasiyasında dünya təcrübəsinin tətbiqi kimi məsələlərə toxunub.

Sonra Əminağa Sadıqov proqram çərçivəsində on pilot layihənin həyata keçiriləcəyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Ümumi yığıncaqda çıxış edən AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, AMEA-nın İqtisadiyyat İnstitutunun şöbə müdiri, Bakı Dövlət Universitetinin kafedra müdiri, akademik Vasif Babazadə, AMEA-nın müxbir üzvü Şahbaz Muradov, AMEA-nın Fəlsəfə İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü Akif Musayev, AMEA-nın Mikrobiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradov proqramın akademiyanın inkişafına töhfə verəcəyini bildiriblər. Çıxışlarda keçilmiş yolun müsbət cəhətlərinin qeyd edilməsi ilə bərabər, yol verilmiş nöqsanlar və çatışmazlıqlar, həlli vacib olan problemlər haqqında da geniş bəhs edilib, qarşıda duran vəzifələrdən, həlli zəruri olan problemlərdən danışılıb, təkliflər səsləndirilib.

Akademiya ictimaiyyəti Milli Elmlər Akademiyasının inkişafında yeni mərhələnin başlandığını və bu mərhələnin ciddi islahatlarla bağlı olduğunu qeyd edib. Belə bir yekdil fikir ifadə olunub ki, Azərbaycan Milli Elmlər Akademiyası öz fəaliyyətini müstəqil dövlətimizin daha da inkişaf etdirilməsinə doğru yenidən qurmalı, bu istiqamətdə öz borcunu yerinə yetirməlidir.

Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üzrə inkişaf proqramı geniş müzakirələrdən sonra qəbul edilib.

Tədbirdə AMEA-nın Nizamnaməsində dəyişiklik edilməsi barədə məsələ müzakirəyə çıxarılıb. Akademiyanın Nizamnaməsinə bir sıra dəyişikliklərin edilməsi ilə bağlı AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edib. O bildirib ki, AMEA-nın Nizamnaməsi akademiyanın fəaliyyətini tənzimləyən əsas normativ-hüquqi sənəddir. Müstəqillik illərində AMEA-nın ilk Nizamnaməsi 2003-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən təsdiq edilmiş, daha sonra 2014-cü ildə Nizamnamə bu zəmində əsaslı şəkildə yenidən işlənərək hazırlanmış və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunmuşdur. Nizamnamə müstəqillik illərində akademiyanın inkişafında müstəsna rol oynamışdır.

Akademik İsa Həbibbəyli qeyd edib ki, 2016-cı ildə “Elm haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi, 2017-ci ildə dövlətimizin başçısının Sərəncamı ilə Yüksək Texnologiyalar Parkının yaradılması və Azərbaycan Milli Elmlər Akademiyasının dünya elminə inteqrasiyasından doğan yeniləşmələr, həmçinin akademiyanın fəaliyyətinin təkmilləşdirilməsi zərurətindən irəli gələn vəzifələr Nizamnaməyə bir sıra dəyişikliklərin edilməsi zərurətini yaradıb. Sonra o, dəyişiklikləri yığıncaq iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, təklif olunan dəyişikliklər əsasən AMEA-nın strukturunun optimallaşdırılması və idarəetmənin təkmilləşdirilməsi məsələlərini əhatə edir. Burada akademiyanın daha çevik və səmərəli idarə edilməsi üçün yeni mexanizmlər, müasir tələblərə cavab verən hüquqi meyar və prinsiplər nəzərdə tutulur. Vitse-prezident onu da əlavə edib ki, sənəddə sahibkarlıq və innovasiya fəaliyyəti ilə bağlı xüsusi maddələr yer alır və bu da akademiyanın fəaliyyətində elm sahəsində sahibkarlıqdan əldə olunan gəlirlərin təyinatı üzrə, akademiya əməkdaşlarının sosial müdafiəsinə və bu elmi qurumun inkişaf etdirilməsinə yönəldilməsi və s. yeni istiqamətlərin formalaşmasına sərf olunmasına şərait yaradır.

Müzakirələrdən sonra AMEA-nın Nizamnaməsi edilmiş dəyişikliklərlə yeni redaksiyada qəbul olunub.

Sonra AMEA-nın Nizamnamə komissiyası ilə bağlı məsələ müzakirə edilib. Akademik İsa Həbibbəyli yenidən komissiyanın sədri seçilib. Komissiyanın akademiklər İsmayıl Hacıyev, Vaqif Fərzəliyev, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, hüquq elmləri doktoru Nazim Cəfərli və filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavəridən ibarət yeni tərkibi təsdiqlənib.

Daha sonra AMEA-nın birinci vitse-prezidenti vəzifələrinə seçkilər keçirilib. Gizli səsvermə yolu ilə keçirilən seçkilərdə AMEA-nın həqiqi üzvləri iştirak ediblər. Seçkilərin nəticəsinə görə akademik İsa Həbibbəyli humanitar və ictimai elmlər üzrə, akademik İbrahim Quliyev təbiət və dəqiq elmlər üzrə AMEA-nın birinci vitse-prezidenti vəzifələrinə seçiliblər.

Sonda AMEA Rəyasət heyətinin tərkibi 11 nəfərdən ibarət olmaqla təsdiq edilib.

Xəbəri paylaş: