Avstriya Aralıq dənizində “Sophia“ missiyasının bərpasına qarşıdır

03.02.2020 Off By admin

Avstriyanın Federal Kansleri Sebastian Kurts Avropa İttifaqı tərəfindən Aralıq dənizində keçirilən “Sophia” missiyasına yenidən start verilməsinin qəti əleyhinədir. Kansler bu mövqeyini Aralıq dənizində insan tələfatı ilə əlaqələndirib. Qeyd edilib ki, Avropaya can atan qeyri-leqal miqrantlar üçün “Sophia” bir növ səyahət biletinə çevrilmişdi. Bu missiyanın varlığı isə insan tələfatını artırırdı, çünki dənizə çıxan insanlara bir hadisə olacağı təqdirdə, bu missiya çərçivəsində xilas olunacaqlarına dair vədlər verilirdi. İnsan qaçaqçılarının bu vədləri də dəniz yolu ilə Avropaya can atan insanların sayını artırırdı.

Kansler, həmçinin qeyd edib ki, 2016-2019-cu illərdə BMT-nin Liviyaya tətbiq etdiyi silah embarqosuna nəzarətlə bağlı “Sophia“ missiyasının tamamilə təsirsiz bir mexanizm olduğu ortaya çıxdı. Ona görə də Avstriya, eləcə də bir neçə Aİ üzvü bu missiyanın bərpasını qəti şəkildə rədd edir. Silah embarqosuna nəzarət tərəfdaş ölkələrlə əməkdaşlıq şəraitində havadan və qurudan həyata keçirilməlidir.

Qeyd edək ki, “Sophia“ hərbi-dəniz missiyası 2015-ci ildə Aİ tərəfindən Aralıq dənizində insan qaçaqçılarına qarşı yaradılıb. Missiya çərçivəsində patrul xidməti keçirən gəmilər dənizdə çətin vəziyyətə düşən qayıqlardan on minlərlə qaçqını xilas edərək onları Avropa sahillərinə çıxarıb. Açıq dənizdə xilas edilən qaçqınların Aİ-yə üzv ölkələr arasında bölüşdürülməsində ortaq məxrəc əldə olunmadığına görə, 2019-cu ilin aprel ayından etibarən bu missiyanın fəaliyyəti Liviyanın sahil nəzarət xidmətinə təlim keçməklə məhdudlaşır.

Avstriya tərəfi isə missiyanın bərpa olunacağı təqdirdə, dəniz yolu ilə qaçqın axınının yenidən canlanacağından ehtiyat edir.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Xəbəri paylaş: