Azərbaycan ərazisində saat 00.00-dan hərbi vəziyyət tətbiq olunur

Azərbaycan ərazisində saat 00.00-dan hərbi vəziyyət tətbiq olunur

27.09.2020

“Hakimiyyet.com” xəbər verir ki,

“Prezident İlham Əliyevin Fərmanı ilə ölkə ərazisində hərbi vəziyyət elan edilib”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Fərmanda Konstitusiyanın 109-cu bəndi və 111-ci bəndi nəzərə tutularaq, qərara alınıb ki:

– 2020-ci il 28 sentyabr saat 00.00-dan Azərbaycanın bütün ərazisində hərbi vəziyyət elan edilsin;

– Hərbi vəziyyətin təmin edilməsi məqsədi ilə “Hərbi vəziyyət” haqqında qanunda nəzərdə tutulmuş tədbirlər həyata keçirilsin;

– Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21.00-dan saat 06.00-a qədər komendant saatı elan edilsin;

– Komendant saatının tətbiq edildiyi ərazilərdə şəxslərin xüsusi icazə və şəxsiyyət vəsiqələri olmadan küçələrdə və ictimai yerlərdə olması qadağan edilsin;

– Xüsusi giriş-çıxış rejimi tətbiq edilsin;

– Nəqliyyat vasitələrinin hərəkətlərinin məhdudlaşdırılması üçün tədbirlər görülsün;

– Daxili İşlər Nazirliyi komendant saatının tətbiqindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsin;

– Hərbi vəziyyət dövründə mülkiyyət və təşkilati, hüquqi formasından asılı olmayaraq, idarə, müəssisə və təşkilatların hüquqlarının və qanuni mənafelərinin, vətəndaşların hüquq və azadlıqlarının qismən və müvəqqəti məhdudlaşdırılmasını nəzərdə tutan tədbirlər vəziyyətin kəskinliyindən irəli gələn hüdudlar daxilində və Konstitusiyaya, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və Azərbaycanın qanunlarına uyğun olaraq tətbiq edilsin.

-. Bu Fərman təsdiq olunması üçün Azərbaycan Respublikasının Milli Məclisinə göndərilsin.

– Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsindən irəli gələn vəzifələrin həyata keçirilməsini təmin etsin. 

Xəbəri paylaş: