Azərbaycan İranla sərhədini bağlamayıb – RƏSMİ

23.02.2020 Off By admin

Çində aşkar edilən və qonşu İranda da yayılan koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində cənub sərhədlərimizdə yerləşən Astara və Biləsuvar gömrük-sərhəd keçid məntəqələrində profilaktik tədbirlər və dezinfeksiya işləri aparılır və buna görə də həmin məntəqələrdə müəyyən məhdudiyyətlər tətbiq edilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, sərhəd keçid məntəqələri bağlanmayıb və dezinfeksiya səbəbindən 1 saatlıq məhdudiyyət tətbiq olunub. Bu gün də gömrük postunda təxminən 1 saat müddətində havalandırma və dezinfeksiya işləri aparılıb. Proses fevralın 22-dən başlayaraq gündə bir dəfə həyata keçiriləcək.

Hazırda hər iki məntəqədən gediş-gəliş təmin olunur.

O da bildirilir ki, ölkə vətəndaşlarının zərurət yaranmadıqca İran İslam Respublikasına səyahət etməmələri tövsiyə olunur.

İranın Ərdəbil vilayətinin yol nəqliyyat idarəsinin baş direktoru Əli Rəhməti isə deyib ki, Azərbaycanla sərhəddə Biləsuvar sərhəd keçid məntəqəsində yeni koronavirusla mübarizə məqsədilə səhiyyə tədbirləri gücləndirilib və sərhəddə 24 saatlıq müayinələr tətbiq olunacaq.

İran tərəfində Biləsuvar sərhəd keçid məntəqəsinin bütün zalları dezinfeksiya olunur və işçilərə maskalar paylanılıb.

Xəbəri paylaş: