Azərbaycan Milli Elmlər Akademiyasında İqtisadiyyat naziri Mikayıl Cabbarovla görüş keçirilib

13.02.2020 Off By admin

Fevralın 12-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) əməkdaşların Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev çıxış edərək son vaxtlarda akademiyada bir sıra dövlət nümayəndələri ilə görüşlər təşkil olunduğunu, müxtəlif qurumlarla birgə layihələr həyata keçirməyi nəzərdə tutan əməkdaşlıq əlaqələrinin yaradıldığını bildirib.

Ramiz Mehdiyev belə görüşlərin təşkilində başlıca məqsədin akademiyanın mövcud potensialını, alimlərimizin əldə etdikləri mühüm nəticələri əməli baxımdan ölkədə quruculuq prosesinə, iqtisadiyyata inteqrasiya etdirməkdən, ölkəmizin hərtərəfli inkişafında elmi qurumların layiqli iştirakını təmin etməkdən ibarət olduğunu diqqətə çatdırıb.

Akademik bu formatda ünsiyyətin mövcud problemləri bilmək, onların həlli yolunu eşitmək və qurumlar arasındakı birbaşa ünsiyyətə əngəl törədən süni maneələrin aradan qaldırılması baxımından böyük əhəmiyyətə malik olduğunu qeyd edib.

AMEA-nın prezidenti akademiya ilə hökumət qurumları arasındakı münasibətlərdən danışaraq deyib: “Uzun illərdir ki, akademiya ilə hökumət qurumları arasındakı münasibətlərdə durğunluq və boşluq hökm sürüb, ölkənin inkişafı üçün zəruri olan əməkdaşlıq olmamışdır. Bunun nəticəsində böyük potensiala malik Elmlər Akademiyası yeni dövrün quruculuq proseslərindən kənarda qalıb, cəmiyyətin inkişafına öz töhfəsini verə bilməmişdir. Halbuki Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizin hərtərəfli inkişafı üçün apardığı islahat və yenilənmə xəttinə aktiv şəkildə qoşulmaq, ona dəstək vermək hər bir vətəndaşın, xüsusilə də alimlərimizin mənəvi borcudur. Ümid edirəm ki, hər iki tərəf – həm alimlərimiz, həm də dövlət strukturlarının nümayəndələri formalaşmaqda olan əməkdaşlıq platformasından səmərəli istifadə edərək, mövcud imkanları dövlətin ümumi mənafeyi naminə səfərbər etməyə nail olacaqlar”.

Akademiyanın imkanlarının geniş olduğunu diqqətə çatdıran AMEA rəhbəri ölkənin sosial-iqtisadi inkişafına və digər sahələrə elmin təsirinin çox zəif olduğunu vurğulayıb: “Halbuki dövlət strukturlarının elm ictimaiyyətinə tərəf yönəlməsi, onunla sıx əməkdaşlıq etməsi böyük perspektivlər vəd edir. Akademiyanın müxtəlif strukturları ölkəmizin sənaye və iqtisadi qüdrətinin artırılmasına lazımi töhfələr vermək iqtidarındadır. Son illər ərzində akademiyanın institutlarında olduqca aktual və faydalı elmi araşdırmalar aparılıb. Ancaq təəssüf hissi ilə bildirməliyəm ki, onların tətbiq olunması üçün dövlət orqanları tərəfindən sifarişlər olmamışdır. Akademiyanın strukturları da bu məsələyə passiv yanaşmışlar”.

Akademik Ramiz Mehdiyev Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarovla keçirilən görüşün qeyd olunan çətinliklərin aradan qaldırılması, yeni əməkdaşlıq körpülərinin salınması baxımından faydalı olacağını, elmi potensialın iqtisadi proseslərə səmərəli şəkildə cəlb edilməsinin yollarını müəyyənləşdirməyə kömək edəcəyinə əminliyini söyləyib.

Xəbəri paylaş: