AVRO-2020 Azərbaycana turist axınına səbəb olacaq

05.02.2020 Off By admin

Apasport.az saytının məlumatına görə, turnir zamanı daha çox qonşu ölkələrdən Bakıya futbol pərəstişkarlarının gəlişi gözlənilir.

Bu baxımdan türkiyəlilər çoxluq təşkil edəcəklər. Çünki qitə birinciliyində A qrupunda yer alan Türkiyə millisi iki oyununu Bakıda keçirəcək. Qara dənizdən avtobus turlarının sayının artması diqqətçəkən məqamlardan biridir. Həmçinin İstanbuldan bəzi azarkeşlər indidən iyun ayı üçün Bakıya təyyarə bileti sifariş veriblər. Avtobusla turlar 550 dollardan, təyyarə ilə uçuş isə 750 avrodan başlayır. Yay üçün Bakıya gediş-dönüş təyyarə biletlərinin satışı indidən ikiqat artırılıb. Oyunların keçiriləcəyi həftələr üçün bilet 2 min lirəyədir (təxminən 570 manat). Avtobusla İstanbuldan yola çıxmaq istəyənlər biletə təxminən 300 lirə (85 manat) xərc çəkməlidirlər. Matçların baş tutacağı tarixdə otellərin qiymətinin isə 5 qat artırılması gözlənilir.

Ötən il “Formula-1” Azərbaycan Qran-Prisi və Avropa Liqasının final qarşılaşmasını qəbul edən Azərbaycana daha çox Rusiya, Türkiyə, Gürcüstan və İrandan turist gəlib. 2019-cu ildə Böyük Britaniyadan ölkəmizə gələn qonaqların sayında 25,3%, çinlilərdə 62,4%, almaniyalılarda isə 19,4% artım müşahidə olunmuşdu.

Qeyd edək ki, Avropa çempionatının qrup mərhələsi çərçivəsində Uels – İsveçrə (13 iyun), Türkiyə – Uels (17 iyun) və İsveçrə – Türkiyə (21 iyun) görüşləri Bakı Olimpiya Stadionunda keçiriləcək.

Xəbəri paylaş: