Azərbaycan Turizm və Menecment Universitetində “Açıq qapı” günü

17.01.2020 Off By admin

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 2019/2020-ci tədris ilinin qış imtahan sessiyasına ötən ilin dekabrından başlanılıb.

ATMU-dan AZƏRTAC-a bildirilib ki, payız semestrinin qış imtahan sessiyasını müşahidə etmək məqsədilə “Açıq qapı” günü təşkil olunub.

Tədris işləri üzrə prorektor, professor Zaur Bağırov Təhsil naziri Ceyhun Bayramovun ali və orta ixtisas təhsili müəssisələrində 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili ilə bağlı əmrinə əsasən ATMU-da imtahan sessiyasının müvafiq qaydalar əsasında təşkil olunduğunu söyləyib. Tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edildiyini, imtahan sessiyasının mövcud təhsil qanunvericiliyinə müvafiq keçirildiyini bildirib. Qeyd edib ki, qış imtahan sessiyası dövründə 2005-dən çox tələbə imtahan verəcək. Onlardan 1743-ü bakalavr, 262-si isə magistrantdır. 2019/2020-ci tədris ilinin ilk imtahan sessiyasında imtahanlar yazılı, təqdimat və şifahi formada keçirilir. Tələbələrin biliklərini ifadə edə bilmələri üçün maksimum şərait yaradılıb, imtahan zalında proseslərin şəffaflığının təmini məqsədilə nəzarətçilər təyin edilib. İmtahan prosesində baş verə biləcək neqativ halların qarşısının alınmasından ötrü İmtahan Qərargahı və Apellyasiya Komissiyası fəaliyyət göstərir.

Prorektor təhsil müəssisəsindəki imtahan qərargahına daxil olan hər bir şikayətin qısa müddətdə araşdırılmasının təmini məqsədilə zəruri tədbirlər görüldüyünü, eyni zamanda, müəllimlərin tələbələrlə dərsdənkənar məşğələlər keçirməsindən söz açıb.

“Açıq qapı” günündə müxtəlif turizm şirkətlərinin rəhbərləri, universitetin məzunları və valideynlər iştirak ediblər.

ATMU-da 2019/2020-ci tədris ilinin qış imtahan sessiyası fevralın 3-də başa çatacaq.

Xəbəri paylaş: