BMT: Bu il dünyada yüz minlərlə uşaq həlak ola bilər

BMT: Bu il dünyada yüz minlərlə uşaq həlak ola bilər

17.04.2020 Off By admin

BMT Baş katibi Antonio Quterreşin fikrincə, koronavirusun səbəb olduğu qlobal resessiya şəraitində yüz minlərlə uşaq ölə bilər.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, BMT Baş katibi indiki şəraitdə uşaqların qarşılaşdığı risklər haqqında məruzəsini təqdim edib. O, videomüraciətində ailələri və siyasi liderləri uşaqları bütün səviyyələrdə qorumağa çağırıb. Qeyd edib ki, demək olar, bütün məktəblilər dərsə getmir. Bəzi məktəblər distant təhsil təklif edir. Lakin bu, hamı üçün əlçatan deyil. Zəif sürətli və internetin baha olduğu ölkələrdə uşaqlar çox əlverişsiz şəraitdədirlər.

Dünyada 310 milyon şagird məktəbə gündəlik qidalanmanın daimi mənbəyi kimi güvənir. Hələ pandemiyadan əvvəl dünya ictimaiyyəti uşaqların doyunca yeməməsi və boy artımının dayanmasına dair yolverilməz göstəricilərlə qarşılaşmışdı.

A.Quterreş diqqətə çatdırıb ki, məktəb xaricində olan uşaqlar daha çox məişət zorakılığının şahidlərinə və qurbanlarına çevrilirlər. Həmçinin qızların məktəbi atması nəticəsində yeniyetmələr arasında hamiləlik hallarının çoxalması təhlükəsi mövcuddur. Uşaqların zorakılığa, təhqirə və internetdə istismara məruz qalması hallarının artması riskinə etinasız yanaşılmamalıdır. Onların müdafiəsində sosial şəbəkələr xüsusi məsuliyyət daşıyırlar.

Səhiyyə məsələsinə toxunan A.Quterreş vurğulayıb ki, pandemiya vaksinasiya proqramına təsir edib. Poliomielitə qarşı vaksinasiya kampaniyası dayandırılıb. Qızılca peyvəndləri üzrə kampaniyalar azı 23 ölkədə fəaliyyət göstərmir. Səhiyyə xidmətləri yükləndiyi üçün xəstələnən uşaqların müalicəsi getdikcə daha az əlçatan olur. Pandemiyanın təsirlərini yumşaltmaq üçün liderlər əllərindən gələni etməlidirlər.

Məruzədə hökumətlərə və donorlara bütün uşaqların təhsili məsələsinin prioritet olaraq diqqətdə saxlanılması üçün çağırış edilib. Sənəddə iqtisadi kömək, o cümlədən aşağı gəlirə malik ailələrə pul köçürülmələri, həmçinin uşaqlara sosial və tibbi xidmətlərdəki çatışmazlıqları minimuma endirmək tövsiyə olunur. Sonda bildirilir ki, həmçinin həssas qruplara, o cümlədən münaqişəli yerlərdə olan uşaqlara, qaçqın və məcburi köçkünlərə, fiziki imkanları məhdud uşaqlara xüsusi diqqət yetirilməlidir.

Xəbəri paylaş: