“Caspian Business Award 2019” mükafatının təqdimetmə mərasimi olub

“Caspian Business Award 2019” mükafatının təqdimetmə mərasimi olub

21.12.2019 Off By admin

Bakıda Yeni il ziyafəti və “Caspian Business Award 2019” beynəlxalq mükafatının təqdimetmə mərasimi keçirilib.

“Caspian European Club” AZƏRTAC-a bildirilib ki, klubun sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev mükafatın ilin yekunlarına görə Xəzər-Qara dəniz və Baltik regionu dövlətlərinin ərazisində istehsalat və sosial sahələrdə daha fəal iştirak etmiş şirkət və top-menecerlərə təqdim olunduğunu deyib. Bildirib ki, mükafatlar iqtisadiyyatın neft, qaz, nəqliyyat logistikası, aqrosənaye, təhsil və sair sahələrini əhatə edir.

“Nominantlar 50-dən çox ölkədəki şirkətlərin yüksək və orta səviyyəli menecerləri arasında keçirilən sorğu əsasında müəyyənləşib”, – deyə T.Əliyev əlavə edib.

Tədbirdə dövlət qurumlarının, nazirliklərin, “Caspian European Club”un üzv şirkətlərinin rəhbərləri iştirak ediblər.

“Biznes-hökumət dialoqunun inkişafındakı töhfələrə görə” nominasiyasında mükafat Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədova və Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə təqdim olunub.

O.Məmmədov kiçik və orta biznesin Azərbaycan iqtisadiyyatındakı artan rolunu qeyd edərək “Caspian European Club”a layihələrin həyata keçirilməsində uğurlar arzulayıb.

Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini İsmayıl Hüseynov mükafatı qəbul edərək dövlətlə işgüzar dairələr arasındakı dialoqa göstərdiyi fəal dəstəyə görə “Caspian European Club”a minnətdarlığını bildirib.

Ziyafət əyləncəli proqramla davam edib, həmçinin maraqlı müsabiqələr keçirilib və qaliblərə “Caspian European Club”un üzv şirkətləri adından mükafatlar verilib.

Xəbəri paylaş: