Daşkəsənli gənc şair Etibar Həsənzadə oxucularıyla görüşüb

Daşkəsənli gənc şair Etibar Həsənzadə oxucularıyla görüşüb

16.12.2019 Off By admin

Daşkəsən rayon Mədəniyyət mərkəzində daşkəsənli gənc şair Etibar Həsənzadənin “Nəsimiyə töhfə” adlı ədəbi gecəsi təşkil olunub. Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ziyalıları və ictimaiyyət nümayəndələri, gənc şairin qələm dostları iştirak ediblər.

Əvvəlcə Etibarın İmadəddin Nəsimiyə həsr olunmuş şeirinin videoçarxı nümayiş olunub.
Tədbirdə çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Elmar Əliyev-Vüqarlı bildirib ki, Prezident cənab İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq ölkəmizin bütün bölgələrində olduğu kimi, Daşkəsən rayonunda da silsilə tədbirlər keçirilir. Klassik Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, mütəfəkkir şair İmadəddin Nəsiminin insanın böyüklüyünə, onun gözəlliyinə, xalqın taleyinə və azadlıq arzularına həsr olunmuş şeirləri bu gün də dillər əzbəridir.
Etibar Həsənzadənin yaradıcılığı barədə danışan Elmar Əliyev-Vüqarlı qeyd edib ki, o, fiziki imkanlarının məhdud olmasına baxmayaraq, daha böyük nəcib işlərlə məşğul olur, həyata, vətəninə bağlılığı bütün gənclərə nümunədir. Etibar xoşbəxt gəncdir ki, öz fitri istedadı, qabiliyyəti ilə qısa vaxt ərzində geniş oxucu rəğbəti qazanmış, həmyaşıdlarından fərqlənməyi bacarmışdır.
Tədbirdə iştirak edə bilməyən görkəmli ədəbiyyatşünas alimlər video müraciət vasitəsilə Etibar Həsənzadənin yaradıcılığı və onun “Nəsimi” şeiri barədə öz yüksək fikirlərini çatdırıblar, haqqında xoş sözlər söyləyiblər.
Daha sonra Gəncə Dövlət Dram Teatrının aktyorları Nəsiminin  qəzəllərini ifa ediblər.
Gənc şair Etibar Həsənzadə yaradıcılığına hər zaman diqqət və qayğı ilə yanaşdığı üçün Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevə təşəkkürünü bildirib.

Elmar ƏLİYEV
Daşkəsən RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı

Xəbəri paylaş: