Folklor İnstitutunda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib

20.01.2020 Off By admin

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunda 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan tədbir keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə elmi müəssisənin direktoru, akademik Muxtar İmanov 20 Yanvar faciəsinin şahidi kimi, həmin günlərdə baş verən hadisələr, faciənin yaranma səbəbləri və Qanlı Yanvarda törədilən dəhşətlər haqqında ətraflı məlumat verib. O, Azərbaycan xalqının öz azadlığı və müstəqilliyi uğrunda tarixboyu qurbanlar verdiyini xatırladıb. 20 Yanvar qurbanlarının xatirəsinin əbədi yaşayacağını, xalqının azadlığı uğrunda şəhid olan insanların heç vaxt unudulmayacağını bildirib.

Sonra Folklor İnstitutunun nəzdində fəaliyyət göstərən Folklor studiyasının 20 Yanvar faciəsi ilə bağlı hazırladığı videoçarx izlənilib.

İnstitutun Təhsil şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, dosent Nizami Muradoğlu çıxışında 20 Yanvarın təkcə hüzn günü deyil, həmçinin qəhrəmanlıq, əyilməzlik, şərəf və ləyaqət günü olduğunu vurğulayıb, müstəqillik yolunun məhz 20 Yanvardan başlandığını nəzərə çatdırıb, hər bir Azərbaycan vətəndaşını müstəqilliyimizin qədrini bilməyə, onu qoruyub saxlamağa çağırıb və 20 Yanvar şəhidlərinə həsr olunan “Sizi çağırıram” şeirini oxuyub.

“20 Yanvar” cəmiyyətinin üzvü Akif Nəsirov qurumun fəaliyyətindən və faciə qurbanları ilə bağlı məqamların araşdırılıb təbliğ olunmasından söz açıb.

İnstitutun Mərasim folkloru şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ağaverdi Xəlil çıxışında bildirib ki, 20 Yanvar şəhidlərinin əziz xatirəsini anmaq hər bir Azərbaycan vətəndaşının borcudur.

Folklor və yazılı ədəbiyyat şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə elmlər doktoru İslam Sadıq çıxışında bu qanlı hadisələrin canlı şahidi olduğunu vurğulayıb. 30 il keçməsinə baxmayaraq bu müdhiş hadisənin onun qəlbində dərin iz buraxdığını bildirib, 20 Yanvar şəhidlərinin xatirəsinə yazdığı “Ağlama, qərənfil, ağlama” şeirini oxuyub.

Xəbəri paylaş: