Gündüz İsmayılov: “Radikalizmi doğuran əsas səbəblərdən biri dini biliklərin az olmasıdır”

22.02.2020 Off By admin

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qubadlı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə fevralın 21-i və 22-də Sumqayıt şəhərində “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda seminar-treninq keçirilib.

DQİDK-dən Trend-ə verilən məlumata görə, məktəb direktorları və təlim-tərbiyə işləri üzrə direktor müavinləri, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər, məktəb psixoloqları və rayonun aktiv gənclərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan RİH başçısının müavini Xoşqədəm Alıyeva bildirib ki, dini radikalizm və xurafat bütün cəmiyyət üçün təhlükəlidir. Eyni zamanda, Xoşqədəm Alıyeva gənclərin milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunmasının vacibliyini diqqətə çatdırıb.

Daha sonra çıxış edən DQİDK sədrinin müavini Gündüz İsmayılov deyib ki, müasir dövrdə dini radikalizm və xurafatla mübarizənin aparılması olduqca aktual məsələdir. G.İsmayılov bildirib ki, dini ekstremizm, radikalizm və xurafat cəmiyyətin iqtisadi, sosial, mədəni və digər sahələrdə inkişafdan geri qalmasına səbəb olur: “Bu sahədə mübarizənin aparılmasında ən səmərəli yol kimi maarifləndirici tədbirlərin həyata keçirilməsi və zərurət olarsa, inzibati metodun tətbiq edilməsidir”,-deyə sədr müavini əlavə edib.

Gündüz İsmayılov dini radikalizmin yaranma səbəbləri, fəsadları, təbliğat metodları və ona qarşı mübarizə üsullarından danışıb. Qeyd edib ki, dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam dini haqqında məlumatsızlıq və dini biliklərin az olmasıdır. Buna görə də radikalizmə qarşı mübarizədə birinci növbədə dini maarifləndirmə işinə önəm vermək lazımdır. “Gənclərin yad dini ideologiyaların təsirindən qorunmasında dini maarifləndirmə tədbirləri mühüm rola malikdir”,-deyə natiq vurğulayıb.

Tədbir iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.

Xəbəri paylaş: