Həbs olunan icra başçısı və digərlərini hansı cəza gözləyir?

20.12.2019 Off By admin

Xəbər verdiyimiz kimi, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev, onun müavini Ramiz Tatarov, Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar. Hazırda iş üzrə cinayətin digər iştirakçılarının müəyyənləşdirilərək istintaqa cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Bəs həmin şəxslərin törətdiyi cinayət əməli məhkəmədə sübuta yetirilərsə, onları hansı cəza gözləyir?

Məsələ ilə bağlı e-huquq.az-ın sualını hüquqşünas Nemət Ağalarov cavablandırıb.

O bildirib ki, Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi, yəni külli miqdarda rüşvət alma təsdiqini taparsa, həmin şəxsləri 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir: “Hazırda bu işlə bağlı məhkəmə qərarı yoxdur. Ancaq ehtimal olaraq onu deyə bilərəm ki, həmin şəxslərə qarşı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərin sui-istifadə), 311.3.2 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən təkrar törədildikdə), 311.3.3 (külli miqdarda törədildikdə) və digər maddələrlə ittiham elan ediləcək”.

Hüquqşünas qeyd edib ki, əlavə ittiham da irəli sürülərsə, həmin şəxsləri 14 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Xəbəri paylaş: