İranla Rusiya idxal-ixrac əməliyyatlarını Azərbaycan üzərindən həyata keçirir

14.12.2019 Off By admin

İranın Mazandaran vilayətinin Ticarət və Sənaye Palatası ilə Rusiyanın Samara vilayətinin administrasiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

AZƏRTAC xəbər verir ki, İran ilə Rusiya vilayətləri ticarət, kənd təsərrüfatı və sənaye məhsullarının istehsalı sahəsində əməkdaşlıq edəcəklər.

Qeyd edək ki, Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu xətti istismara verildikdən sonra İranla Rusiya arasında ticarət əlaqələri daha da intensiv xarakter alıb. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Azərbaycanın dəmir yolu sistemi hələ Sovetlər dönəmindən Rusiya ilə birləşmişdi. Astara-Astara dəmir yolu isə Azərbaycan vasitəsilə İranın dəmir yolları sistemini Rusiya ilə birləşdirib.

İmzalanmış müqaviləyə əsasən, İranın Mazandaran vilayətindən Samaraya kənd təsərrüfatı məhsulları, o cümlədən tropik meyvələr, tikinti materialları ixrac ediləcək. Samaradan İrana isə ağac, kənd təsərrüfatı texnikası və başqa mallar ixrac olunacaq. Bütün idxal-ixrac əməliyyatları Azərbaycan üzərindən həyata keçiriləcək ki, bu da ölkəmizin tranzit gəlirlərinin artmasına səbəb olacaq.

Xatırladaq ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin tərkib hissəsi olan Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttinin Qəzvin-Rəşt hissəsi artıq istifadəyə verilib. Yolun Rəşt-Astara hissəsində isə inşaat işləri davam edir. Bu layihə başa çatdıqdan sonra İrandan Rusiyaya və əks istiqamətə yükdaşımanın həcmi də artacaq.

Xəbəri paylaş: