İtalyan səyyahın türk dilinin qrammatikası ilə bağlı əsərinin müzakirəsi keçirilib

08.02.2020 Off By admin

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda fransız əsilli italyan aristokratı və səyyahı Pietro Della Vallenin 7 kitabdan ibarət “La Grammatica turca” əsərinin müzakirəsi keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, Tətbiqi dilçilik şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Xədicə Heydərova araşdırdığı əsər barədə məruzə ilə çıxış edib. O bildirib ki, Pietro Della Valle 1617-1623-cü illər arasında Səfəvilər dövlətində Vatikan tərəfindən göndərilmiş missioner qismində yaşayıb. O, ilk dəfə saraya girəndə Şah Abbas ona təmiz türk dilində “xoş gəldin, səfa gəldin” demişdir. Pietro şaha tərcüməçisi olmağı təklif edib və təklifi qəbul edildikdən sonra şahın sarayında 1623-cü ilin fevralına qədər fəaliyyət göstərib. O, ivrit, latın, ərəb, fars və türk dillərini gözəl bilib, şairlik qabiliyyəti olduğu üçün fars, ərəb, türk, italyan, ispan dillərində tərcüməli şeirlər yazmağa cəhd göstərib, hətta Hafizin şeirlərini şərh edib.

“Azərbaycan dilinin qrammatikasından bəhs edən bu kitab həm dövrünün, həm də sonrakı əsrlərdə bir çox Avropa və türk tədqiqatçılarının müraciət etdikləri tədqiqat mənbəyi idi. Təəssüf ki, Azərbaycanda bu əsər elm və ictimaiyyət aləminə məlum olmayıb. Təvazökarlıqdan uzaq olsa da, həmin əsərin ilk araşdırmaçısı kimi onu deyə bilərəm ki, bu qiymətli əsər Azərbaycan dilinin qrammatikasının daha əvvəllər tədqiqata cəlb olunduğunu, dilimizin hələ XVII əsrin əvvəllərindən elmi qrammatikaya sahib olduğunu sübuta yetirir və əsrlərboyu yaşayan dilimizin zənginliyindən xəbər verir”, – deyə məruzəçi bildirib.

Sonda məruzə ilə bağlı suallar verilib, çıxışlar dinlənilib.

Xəbəri paylaş: