“Mercedes” komandası Bottasla anlaşmağa yaxındır

“Mercedes” komandası Bottasla anlaşmağa yaxındır

14.07.2020

Son 5 mövsümdə rəqiblərinə heç bir şans verməyən “Mercedes” pilotlarını qorumaq fikrindədir. Formula 1 üzrə altıqat dünya çempionu Luis Hemiltonla müqavilə müddətini yeniləmək istəyən Mersedes” yaxın günlərdə Valtteri Bottasla da anlaşacaq.

AZƏRTAC xəbər verir ki, “Mercedes” artıq növbəti mövsümün planlarını cızıb. İtaliyanın nüfuzlu “Motorsport” nəşrinin məlumatına görə, Almaniya avtoidman konserni yaxın günlərdə V.Bottasla müqavilə müddətini yeniləyəcək. Finlandiyalı pilotun komanda ilə müqavilə müddəti ilin sonunda başa çatır. Mövsüm normal şəraitdə keçirilsəydi, bəlkə də “Mercedes” belə bir addım atmayacaqdı. Almaniya avtoidman konserni “Vilyams”ın pilotu Corc Rassellə güvənmək istəyirdi. Amma koronavirus pandemiyasına görə mövsümün qısaldılması Rasselli növbəti mövsüm üçün çətin sınaq qarşısında qoya bilər. Ona görə də “Mercedes” növbəti mövsüm üçün Bottası saxlayaraq 2022-ci ildə Rassellə müqavilə imzalaya bilər.

“Mersedes” rəhbərliyi Bottasın “Reno”ya yollanacağını da istisna etmirdi. Amma Fransa komandası Fernando Alonso ilə müqavilə imzaladıqdan sonra Almaniya təmsilçisi Bottası qorumağı qərara aldı.

“Motorport” nəşrinin məlumatına görə, Bottasla müqaviləni yenilədikdən sonra növbə komandanın icraçı direktoru Toto Volff və əsas pilot Luis Hemiltona çatacaq.

Xəbəri paylaş: