PA-nın şöbə müdiri Ədalət Vəliyev və partiya sədri Abutalıb Səmədov arasında görüş keçirilib

PA-nın şöbə müdiri Ədalət Vəliyev və partiya sədri Abutalıb Səmədov arasında görüş keçirilib

29.07.2020

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev və Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov arasında 2-ci görüş keçirilib.

“Hakimiyyet.com” bildirir ki, görüşdə ölkədə aparılan islahatlar, korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi, vətəndaş-məmur münasibətlərinin sağlam prinsiplər üzərində qurulması, yeni siyasi konfiqurasiyanın formalaşması, iqtidar-müxalifət siyasi dialoqunun inkişafı və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkə vətəndaşlarına göstərdiyi qayğı və diqqət, son dəfə şəhid ailələrinə, müharibə əlillərinə 62 mənzilin, həmçinin müharibə əlillərinə 50 avtomobilin təqdim olunması, habelə COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə görülən işlər, 5-ni Bakıda, qalanı regionlarda olmaqla 10 modul tipli xəstəxananın qurulduğu və əlavə olaraq 6 modul tipli xəstəxananın tikintisinin sifariş olunduğu vurğulanıb. Pandemiyaya qarşı görülmüş işlərin nəticəsi olaraq son günlər koronavirusa yoluxma statistikası ilə bağlı müsbət tendensiyanın müşahidə olunduğu qeyd olunub.

Daha sonra Abutalıb Səmədov əslən Tovuzdan olduğunu və iyulun 12-dən başlayaraq orada baş vermiş hadisələrdən təsirləndiyini, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə düşmənə layiqli cavab verildiyini, qəhrəmanlarımızın qanının yerdə qalmadığını, onların qisasının alındığını və bundan sonra da alınacağını bildirib.

Həmçinin görüşdə 43 siyasi partiyanın birgə, 4 siyasi partiyanın isə ayrılıqda bəyanatının, ümumilikdə 47 siyasi partiyanın Ali Baş Komandanın ətrafında birləşməsinin ölkədə sağlam iqtidar-müxalifət münasibətlərinin formalaşmasının təzahürü olduğunu vurğulanıb.

Bundan əlavə, diaspor təşkilatlarımız və dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar tərəfindən Ermənistanın işğalçılıq siyasətinə, Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində törədilən erməni təxribatlarına etiraz əlaməti olaraq mütəşəkkil şəkildə aksiyaların keçirilməsi, soydaşlarımızın güclü birlik nümayiş etdirərək dünya dövlətlərindən və beynəlxalq təşkilatlardan Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasının tələb edilməsi bir daha Azərbaycan xalqının həmrəyliyinin göstəricisi olduğu qeyd edilib

Daha sonra iqtidar-müxalifət siyasi dialoqunun və siyasi partiyalarla sağlam əməkdaşlığın qurulmasının nəticəsi olaraq, dünən yeni Milli Cəbhə Partiyasının yaradılması, habelə bundan əvvəl 4 yeni siyasi partiyanın dövlət qeydiyyatına alınması və 3 siyasi partiyanın təsis sənədlərində edilmiş dəyişikliklərin yenidən dövlət qeydiyyatına alınması faktı qeyd olunub.

Son zamanda siyasi partiyaların aktivləşməsi, “Azərbaycan” qəzetində “Milli maraqlar naminə əməkdaşlıq” rubrikasının açılması, siyasi partiya nümayəndələrinin televiziya, internet TV kanallarında, müxtəlif KİV-də fəal çıxışları müsbət hal kimi qiymətləndirilib.

Sonda Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov ölkədə yeni siyasi konfiqurasiyanın formalaşmasını yüksək dəyərləndirib.

Xəbəri paylaş: