Politoloq: 9 fevral seçkiləri Azərbaycan xalqının, dövlətçiliyinin tarixində çox önəmli hadisədir

31.01.2020 Off By admin

Fevralın 9-da ölkəmizdə keçiriləcək parlament seçkilərində rekord sayda namizəd iştirak edəcək. Mərkəzi Seçki Komissiyası bütün namizədliyini irəli sürənlərin sorğularına müsbət cavab verərək ərizələrini qəbul edib. Namizədlər arasında gənclərin sayı kifayət qədər çoxdur. Gənclərə meydan verilməli və onların potensialından ölkəmizin inkişafı naminə istifadə olunmalıdır. Seçim vətəndaşındır. Kimin platforması seçicinin maraqlarına cavab verirsə, baxışları üst-üstə düşürsə, insanlar ona da səs verəcəklər.

Bu sözləri AZƏRTAC-a müsahibəsində politoloq Tofiq Abbasov söyləyib.

Milli Məclisə seçkilərin keçirilməsinin zamanın tələbi olduğunu bildirən T.Abbasov deyib: “Ölkə miqyasında elə bir sahə yoxdur ki, orada dinamika hiss olunmasın. Qanunverici orqan olan Milli Məclisdə durğunluq hiss edilir, müəyyən boşluqlar yaranır, icra prosesində ləngimələr özünü büruzə verirdi. Sosial və iqtisadi sahələrdə baş verən dinamizmin qanunverici və icraedici orqanlara, məhkəmə sistemində sirayət etməsi mütləq idi. Hakim partiya olan Yeni Azərbaycan Partiyasının İdarə Heyəti Azərbaycan Respublikasının Prezidentinə müraciət edərək Milli Məclisin vaxtından əvvəl buraxılması təşəbbüsü ilə çıxış etdi. Dövlətimizin başçısı məsələ ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etdi. Məhkəmə də öz növbəsində parlamentin yeni tərkibinin müəyyən olunması barədə qərar çıxardı. Ölkəmizdə həm dövlət, həm də cəmiyyət ilk dəfə idi ki, belə halın şahidi olurdu”.

Politoloq vurğulayıb ki, 9 fevral seçkiləri Azərbaycan xalqının, dövlətçiliyinin tarixində çox önəmli hadisədir. O, xalqımız ən layiqli namizədlərə səs verəcəyinə inamını ifadə edib.

Xəbəri paylaş: