Səssiz kinonun görkəmli nümayəndəsi – Çarli Çaplin

Səssiz kinonun görkəmli nümayəndəsi – Çarli Çaplin

16.04.2020 Off By admin

Yəqin ki, hamınız bəstəboy, ağbəniz, bığlı olan qəribə yerişli şlyapalı və çəlikli kişini tanıyırsınız. Bəli, bu, qeyri-adi hərəkətləri ilə milyonları güldürən Çarli Çaplindir. O Çarli ki, hamımıza sevinc bəxş edib, bir anlıq olsa da, qəlblərə gülüş məlhəmi qoyub.

Dünyada hələ də elə bir aktyor yoxdur ki, Çaplin kimi şöhrətin zirvəsində yarım əsr qalsın. Aktyorlar bir-birini əvəz edir, məşhurluq gəlir-gedir, amma Çarli Çaplin tamaşaçının sevimlisi olaraq qalır.

AZƏRTAC xəbər verir ki, bu gün Amerika və ingilis kinoaktyoru, ssenaristi, bəstəkarı və rejissoru, universal kinematoqrafiya ustası, dünya kinosunun ən məşhur obrazlarından birinin – avara obrazının yaradıcısı Çarli Çaplinin doğum günüdür.

Səssiz kinonun görkəmli nümayəndəsi Çarli Çaplin 1889-cu ildə Londonda dünyaya gəlib. Onun valideynləri işsizlik və sərxoşluqla mübarizə aparıb. Kasıbçılıq və aclıq çəkən Çarli sonralar həyat təcrübəsini klassik filmlərində əks etdirib.

Çaplin doqquz yaşında aktyorluq sənətinə maraq göstərməyə başlayır və 14 yaşında şou-biznesdə öz yerini tapmaq üçün evi tərk edir.

Çaplinin “Venisdə uşaq avtomobil yarışları” adlı ikinci filmindəki həyatdan bezmiş və məsum avara Tramp obrazı aktyora şöhrət gətirir.

Çaplin yöndəmsiz paltarları əyninə geyinməyənədək özü də bilmirdi filmdə hansı obrazı necə oynamalıdır. “Yalnız geyindikdə paltarlar və makiyaj mənə obrazı hiss etməyə, anlamağa kömək edir. Mən obrazla tanış olur və çəkilişlərə başladıqda artıq obraz tamamilə yaranmış olurdu”, – deyə aktyor bildirir.

1918-ci ilədək Çaplin özünün studiyasını yaratmaq və yaradıcılığına tam sahib olmaq üçün bir aktyor və kinorejissor kimi artıq püxtələşmişdi. 1919-cu ildə o, həmkarları Meri Pikford, Duqlas Feyrbanks və rejissor Devid Vark Qriffislə birgə “The United Artists Film Distribution” adlı şirkət açır.

Onun ilk evliliyi – 17 yaşlı Mildred Harrislə qurduğu ailəsi faciə ilə nəticələnir. Belə ki, onların körpə oğlu iki gün yaşadıqdan sonra vəfat edir və cəmi iki il evlilikdən sonra onlar boşanır.

Xəbəri paylaş: