Türkiyədə zəlzələdə ölənlərin sayı 20-yə, yaralananların sayı isə 1015-ə çatıb

25.01.2020 Off By admin

Türkiyədə baş verən zəlzələdə ölən və xəsarət alanların sayı artıb.

APA-nın yerli bürosunun xəbərinə görə, ölənlərin sayı 20-yə, xəsarət alanların sayı isə 1015 nəfərə çatıb. 

***

08:22

Türkiyənin Malatya və Elazığ əyalətlərində baş verən güclü zəlzələ nəticəsində 19 nəfər ölüb, 772 nəfər yaralanıb.

APA-nın Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə naziri məlumat verib.

****

02:50

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.

APA-nın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Koca zəlzələ ilə bağlı açıqlamasında deyib.

Ölənlərdən 13 nəfər Elazığda, 5 nəfər isə Malatyada dünyasını dəyişib. Yaralıların isə 553 nəfər olduğu bildirilib.

Qeyd edək ki, Elazığda 30 nəfər dağıntılar altında qalıb. Malatyada isə dağıntı altında qalan yoxdur.

***

01:42

Türkiyədə 6,8 bal gücündə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.

APA-nın Sputnik-ə istinadən verdiyi məlumata görə, yaralıların sayının 300 nəfərdən çox olduğu bildirilir.

Qeyd edək ki, Türkiyənin rəsmi mənbələrin açıqlamasında Malatyada 6, Elazığda isə 8 nəfərin öldüyü qeyd edilib.

***

23:16

Türkiyənin Daxili işlər naziri Süleyman Soylu bildirib ki, zəlzələdə 4 nəfərin ölməsi haqqında məlumatlar var.

APA-nın yerli bürosunun məlumatına görə, Elazığın Mədən rayonunda 5 mərtəbəli yaşayış binası çöküb.

Xilasedici qurumlar dağıntı altında qalan insanları çıxarmağa çalışır.

****

22:42

Türkiyənin Daxili işlər naziri Süleyman Soylu bildirib ki, zəlzələnin episentrinin baş verdiyi Silivricədə və Pötürgə rayonunda 10 binada dağıntı olub.

APA-nın yerli bürosunun məlumatına görə, iki nəfərin yaralandığı bildirilib. Təkanlar hələ də davam edir.

***

22:20

Türkiyənin Fövqəladə Hallar və Təbii Fəlakətlər İdarəsindən verilən xəbərə görə, zəlzələ yerli vaxtla 20.55-də baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, 10-12 saniyəyədək davam edən təkanlar Şırnak, Mardin, Diyarbəkir, Adıyaman, Samsun, Malatyada, eləcə də  İraqın şimalında Ərbil və Duhok vilayətlərində də hiss olunub.

Qeyd edək ki, 2010-cu ilin martında Elazığda baş verən 6 bal gücündə zəlzələdə 51 insan həyatını itirib.

****

22:10

Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub.

APA-nın yerli bürosunun xəbərinə görə, Kandilli Rəsədxanası zəlzələnin yerin 10 kilometr dərinliyində baş verdiyini bildirib.

Təkanlar ətrafdakı bir çox rayonlarda hiss edilib.

Tələfat barədə hələlik məlumat verilməyib.

Xəbəri paylaş: