UNEC-də “ATHENA” bilik yarışması keçirilir

26.01.2020 Off By admin

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “ATHENA” adlı bilik yarışması keçirilir.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, Distant, Qiyabi və Əlavə Təhsil Mərkəzi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən yarışmanın məqsədi gənclərin dünyagörüşünün, intellektual düşüncə qabiliyyətinin artırılması, intellektual oyunların gənclər arasında təbliğ olunması, eləcə də onların asudə vaxtlarının səmərəli keçirilməsidir.

Yarışın ilk mərhələsində mərkəz, Rus İqtisad Məktəbi, texnologiya və dizayn, ekspertiza və standartlaşdırma fakültələrinin tələbələrindən ibarət komandalar mübarizə aparıblar. İlk turda Rus İqtisad Mərkəzinin “Fresh” komandası ilə ekspertiza və standartlaşdırma fakültəsinin “Legion” komandası 1/4 finala vəsiqə qazanıb.

Üçüncü turda maliyyə və mühasibat fakültəsini təmsil edən “Chicken Dönər” və SABAH qruplarının “SABAH 404” komandaları növbəti mərhələyə yüksəlib. Yarışmanın dördüncü turunda isə Beynəlxalq İqtisadiyyat Məktəbinin (İSE) “Karakalla” komandası Biznes və menecment fakültəsinin “Business Team” komandasına qalib gəlib.

Yarışmanın final mərhələsi mart ayında keçiriləcək. Qalib komandaya 500 AZN mükafat, xüsusi kubok və sertifikat veriləcək.

Xəbəri paylaş: