“Xəzər” TV-də Toliklər efirdən xalqa ideoloji təsir göstərirsə…

“Xəzər” TV-də Toliklər efirdən xalqa ideoloji təsir göstərirsə…

04.12.2019 Off By admin

Əli Həsənovun oğlu Şamxal Həsənov  “Xəzər” TV-ni tolikləşdirdi, zaurlaşdırdı, bədqədəmləşdirdi.

Əli Həsənov ideoloji sahədən uzaqlaşdırıldıqdan sonra Kütləvi İnformasiya Vasitələri (KİV) arasında azad rəqabət mühitinin formalaşacağına qələm əhli arasında bir əmilik yaranıb. Əslində ölkə başçısı İlham Əliyevin iradəsi sayəsində Azərbaycanda söz azadlığının mövcud olması, mətbuata həqiqətən də dördüncü hakimiyyət kimi baxılacağına da  ümidləri artırıb.

Təəssüflər ki, jurnalistlər tərəfindən geniş auditoriyaya ünvanlanan sözün təsir güvvəsi itdiyindən, cəmiyyət tərəfindən mətbuata olan güvənin qaytarılması üçün yenidən səylə çalışmaq lazımdır. Düşünürəm ki, bu sahədə ən böyük KİV hesab edilən televiziyaların üzərinə böyük yük düşür. Ulu öndər Heydər Əliyev tərəfindən 1998-ci ildə Azərbaycanda senzura ləğv edildikdən sonra  jurnalistikamız bir dönüş mərhələsinə qədəm qoymuşdu. Telekanallar da bu söz azadlığının, fikir müxtəlifliyinin dadını çıxararaq efirdə rəngarəng verilişlər ərsəyə gətirməyə başlamışdılar. Amma sonradan sanki nə isə oldu – Əlinin əli işə düşdü və proqres reqresə çevrildi… Keçmişdə eşələnmək çox da yaxşı şey deyil, çünki orada ilişib qalmaq dala getmək kimi bir şeydir. Amma televiziya sahəsində bir vaxtlar maraqlı verilişlərilə yadda qalan telekanallarımız son illərdə ölkə tamaşaçısını daha çox xarici telekanallara üz tutmağa məcbur etdi. Ələlxüsus da özəl telekanalların bu sahədəki fəaliyyəti daha acınacaqlıdır.

Efir siyasətində müstəqil hərəkət imkanları olan bu “özəllər” ən azından müasir trendlərə köklənə bilərdilər. Amma nə yazıqlar ki, geriləmə nəticəsində əksər kanallar, ilk növbədə “Space” və “Lider” tamaşaçı auditoriyasını itirdi, proqram siyasətində və efirə gedən verilişlərin zənginliyində ideya-məzmun yarıtmazlığına yol verildi. “Xəzər” telekanalı isə Azərbaycanda efir bayağılığını pik həddə çatdırdı. Ancaq “reytinqlər”ə  və sponsor marağına xidmət edən verilişlər kanala pul gətirdiyi zaman teleauditoriyanın bədii zövqünü korladı.

Əvvəllər televiziyada çalışmayan, təcrübəsi olmayan, ancaq Əli Həsənovun oğlu olduğu üçün “Xəzər” TV kimi yaradıcı bir kanala rəhbər təyin edilən Şamxal Həsənov efiri tolikləşdirdi, zaurlaşdırdı, bədqədəmləşdirdi. Azərbaycan tamaşaçısı kimlərinsə kommersiya marağı müqabilində aşağı əyarlı verilişlərə baxmaq məcburiyyətində qaldı. Kanal rəhbəri kimi bu adam guya auditoriyanı əyləndirməklə, mövcud problemləri gündəmə gətirməmək və camaatın başını qatmaq missiyasına xidmət edir. Əsla elə deyil. Ortada rəhbər şəxsin sırf kommersiya marağı və peşə uyğunsuzluğu var. Heç bir halda televiziya kimi ən güclü ideoloji aləti belə naşı adamlara etibar etmək olmaz! Mahiyyətinə varanda belə adamların mediada meydan sulaması çox böyük səhvdir. Normal media menecerlərini, sanballı qələm əhlini bu cür münasibət ən azından depressiv küskünlüyə sürükləyir. Əgər Toliklər xalqa televiziya vasitəsilə ideoloji təsir göstərirsə, hansısa dəyərlər aşılayırsa, əxlaqı geniş auditoriyada şübhə doğuranlar camaata qeyrət dərsi keçirsə və bu, belə davam edəcəksə, onda  vay Azərbaycan tamaşaçısının halına! Əslində digər telekanallarda efir depressiyasının əsas səbəbi bir məmur tərəfindən konkret telekanalın xeyrinə lobbiçilik fəaliyyətinin aparılmasıdır. Onsuz da böyük olmayan reklam bazarımız inzibati mexanizmlərlə tənzimlənəndə digər “özəllər” yarıac vəziyyətdə qalır və bu efirdə gedən materialların keyfiyyətinə əsaslı təsir göstərir. Çünki Azərbaycanda efir məkanının reytinqlərini dəqiq ölçən şirkətlərin fəaliyyəti özü şübhəlidir və beynəlxalq miqyasda qəbul olunmuş normativlərə uğun deyil. Odur ki, “Xəzər” TV kef edir. Amma nə yazıqlar ki, bu “uğurlar” telekanalın sıravi əməkdaşlarının maaşlarına təsir etmir, hətta bəzi məqamlarda ədalətsiz əmək münasibətlərinə də yol açır.

Əli Həsənovun nəzarətsiz buraxdığı sahələrdən  biri də milli teleserialların çəkilişi idi. Prezident İlham Əliyev tərəfindən milli teleserialların ərsəyə gəlməsi üçün  dəfələrlə dövlət vəsaiti ayrılsa da, bu işə cavabdeh olan şəxslərin yarıtmaz fəaliyyəti nəticəsində auditoriya böyük bir peşmanlıqla qarşılaşdı. Azərbaycan kino ənənələrilə əlaqəsi olmayan  bu serialların heç birində bizim milli -mənəvi dəyərlərimiz pozitiv obrazlarla təbliğ olunmayıb, azərbaycanlılara xas olan ailə-məişət münasibətləri yad meyllərlə, mənfi obrazlarla “zənginləşdirilib”. Bu baxımdan Əli Həsənovun oğlunun rəhbərlik etdiyi “Xəzər” TV öndə gedib.

Hələ biz ələbaxımlı internet saytlarının, deffektli radioların, ancaq maklaturaya yarayan qəzetlərin, daha nələrin ideoloji auramıza neqativ təsirindən söhət açmırıq. Həqiqətən KİV sahəsində yeni ideoloji mexanizmlərin işlənməsinə, müasir dünyanın tələblərinə cavab verən media məhsullarının  hazırlanmasına böyük ehtiyac var. Bu işdə Əlini Vəliylə əvəz etmək yox, bütün mütərəqqi, savadlı, milli ruhlu  və vətənpərvər qüvvələrin gücündən istifadə etmək lazımdır! Yəqin ki, bu tezis növbəti yazının mövzusu olacaq!

Xəbəri paylaş: