Xızı rayonunun Şurabad qəsəbəsində əl qumbarası aşkarlanıb

28.11.2019 Off By admin

Noyabrın 27-də saat 17:54-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng Mərkəzi Sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Xızı rayonunun Şurabad qəsəbəsinin ərazisində silah-sursatın tapılması barədə məlumat daxil olub.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Xızı Rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində təlim məqsədli 1 ədəd F-1 əl qumbarası və 1 ədəd UZRQM partladıcısı aşkar olunub. Həmin sursatlar götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbarasının və partladıcının ətrafında 50 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Xəbəri paylaş: