Xocalı soyqırımı bəşər tarixində amansızlıqla törədilmiş ən qanlı faciələrdən biridir

23.02.2020 Off By admin

Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyi Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirib. Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Krallıqda yaşayan həmvətənlərimiz, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirin əvvəlində Xocalı faciəsi qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Səfir Şahin Abdullayev Xocalı faciəsi və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verib. Ermənilərin Azərbaycan xalqına qarşı dəfələrlə qırğınlar törətdiyini qeyd edən səfir Xocalı soyqırımının bəşəriyyət tarixində amansızlıqla törədilmiş ən qanlı faciələrdən biri olduğunu vurğulayıb. O, Xocalı soyqırımının ermənilərin Azərbaycanda həyata keçirdikləri etnik təmizləmə siyasətinin davamı olduğunu diqqətə çatdırıb.

Ş.Abdullayev Xocalı faciəsinin dünyada, xüsusilə də İslam aləmində tanıdılması və bu soyqırımı hadisəsinin qınanması istiqamətində Azərbaycan hökuməti tərəfindən, xüsusilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər haqqında məlumat verib.

Sonda Heydər Əliyev Fondu tərəfindən çəkilmiş “Khojaly Genocide” adlı sənədli film nümayiş etdirilib.

Rəsmi hissədən sonra “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Azərbaycanda və dünya ölkələrində keçirilmiş tədbirlərdən fotoşəkillər nümayiş etdirilib və mərasim iştirakçılarına Xocalı soyqırımını əks etdirən kitab və materiallar paylanılıb.

Xəbəri paylaş: