“Xoşqədəm Hidayətqızının Nərminin qətlində böyük rolu var”

12.01.2020 Off By admin

Son günlər 10 yaşlı məsum Nərminin qətli cəmiyyətdə müxtəlif səpkilərdə müzakirə olunmaqdadır. KONKRET.az bildirir ki, xüsusilə Nərmin Quliyevanın qətlə yetirilməsində Xoşqədəm Hidayətqızı da ciddi şəkildə qınanılıb.

Tanınmış şairə, jurnalist, publisist, tərcüməçi Günel Mövlud da özünün facebook səhifəsində yazıb ki, Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişinin Nərminin qətlində böyük rolu var.

Şairənin facebook statusunu oxuculara təqdim edirik:

“Gələk Xoşqədəm Baxşəliyevanın verilişinə. Bu verilişin Nərminin qətlində böyük rolu oldu.

1) Verilişlərin birində Xoşqədəm xanım deyir ki, “Nərmin sənin izinə düşmüşük, tapacağıq səni”. Bu yanaşma kökündən yanlış olmaqla, həm də cinayətdir. İstintaq sirrinin açılmasıdır. Normal istintaqda qatilin, təcavüzçünün, manyakın izinə düşəndə bunu sirr kimi saxlayır ki, cinayətkar duyuq düşməsin. Bu verilişdəki bu sözlər isə cinayətkarı şübhələndirib, qorxudub və o, çıxış yolunu uşağı qətl etməkdə görüb.

2) Verilişlərin birində Xoşqədəm xanım uşağı oğurlayana səslənərək deyir “Sənə söz verirəm ki, anonimlik qorunacaq. Anonimliyə yüz faiz zəmanət verirəm. Özüm gedib həbs olunaram, amma səni ələ vermərəm”. Verilişdə səslənən bu sözlər bilavasitə cinayətkarla işbirliyinə cəhddir, cinayətkarı işbirliyinə çağırmaqdır. Çünki jurnalistin yalnız informasiya mənbəyinin anonimliyini qorumaq hüququ var, cinayətkarla işbirliyinə girmək, onun anonimliyini təmin etmək isə cinayətdir.

Veriliş günlərlə böyük ehtimalla qatil tərəfindən də izlənib, istintaqa mane olub, jurnalist öhdəlik və hüquqlarını aşan hərəkətlər edib və Nərminin qətlində bilavasitə rol yonayıb.

Təəssüf ki, verilişin, ordakı jurnalistlərin qanunsuz əməlləri Nərmin olayı ilə bitmir. Azyaşlıların sonradan onlara travma yarada biləcək halda efirə çıxarılması, verilişdə qonaqlar tərəfindən səsləndirilən seksist, rasist, nifrət çağırışları kimi qanunla qadağa çıxışları, şəxsi həyata kobud müdaxilə və ictimailəşdirmə kimi ciddi qanunsuzluqlar saymaqla bitməyəcək qədərdir.
Bütün bu sadalananları nəzərə alıb, bəzən polisin, bəzən məhkəmənin, bəzən psixoloqun nəzarətində və məxfiliyində qorunmalı olan məsələləri ictimaiyyətə duyurduğu, zərər vurduğu və Nərmin hadisəsi kimi qətlə apardığını nəzərə alaraq, ictimaiyyətdən “Səni axtarıram” başda olmaqla bütün bu tipli verilişlərin bağlanmasını və qanunsuzluq törətmiş jurnalistlərin işindən uzaqlaşdırılıb, məsuliyyətə cəlb edilmə tələbinə qoşulmasını gözləyirəm”.

Xəbəri paylaş: