Yeni Azərbaycan Partiyası: Əminik ki, Milli Məclisin yeni tərkibi ölkəmizdə həyata keçirilən islahatlara öz dəyərli töhfəsini verəcək

10.02.2020 Off By admin

Fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilər başa çatıb. Seçkiləri izləyən çoxsaylı beynəlxalq və yerli müşahidəçilərin rəyi seçki prosesinin azad, demokratik, şəffaf şəraitdə ölkənin qanunvericiliyinə tam uyğun olaraq keçirildiyini sübuta yetirir. Seçkilərdə 1314 namizədin iştirak etməsi deputat mandatı uğrunda mübarizənin yüksək rəqabət şəraitində aparılmasından xəbər verir.

AZƏRTAC xəbər verir ki, bu sözlər Yeni Azərbaycan Partiyasının seçkilərlə bağlı məlumatında yer alıb.

Seçkilərin gedişatını izləyən bir sıra mötəbər beynəlxalq sorğu mərkəzlərinin (exit-poll) verdikləri açıqlamalar Yeni Azərbaycan Partiyasının Milli Məclisə seçkilərdə əhəmiyyətli uğurlar qazandığını söyləməyə əsas verir.

Yeni Azərbaycan Partiyası bu seçkilərdə səsvermənin gedişini özünün çoxminli müşahidəçiləri ilə geniş şəkildə izləyib. Onların verdiyi məlumatlara görə seçkilərə qatılmış bəzi namizədlər və onların tərəfdaşları səsvermə prosesini pozmağa, müxtəlif təxribatlarla demokratik və azad keçirilən seçkilərə kölgə salmağa cəhdlər göstəriblər.

Yeni Azərbaycan Partiyası bu seçkilərdə onun irəli sürdüyü namizədlərə və nəticə etibarilə Azərbaycan Respublikasının Prezidentinin siyasətinə səs vermiş vətəndaşlarımıza dərin minnətdarlığını ifadə edir və əmin olduğunu bildirir ki, Milli Məclisin yeni tərkibi ölkəmizdə həyata keçirilən islahatlara öz dəyərli töhfəsini verəcək.

Xəbəri paylaş: